RATİ-NİN XƏDİCƏ İSMAYILOVAYA QARŞI ŞANTAJ KAMPANİYASINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantajla  hədə etməni qətiyyətlə pisləyir və  bunu hakim qüvvələr tərəfindən  jurnalisti susdurmaq ücün atılmış ən çirkin addım kimi qiymətləndirir.

Belə ki, martın 7-də  Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Məktubda jurnalistin özünü yığışdırmayacağı təqdirdə rüsvay olacağı yazırlar.

RATİ qeyd edir ki,  X.İsmayılova  Azərbaycan hakimiyyətinin ən yüksək çinli məmurları və onların ailə üzvlərini korrupsiyada süçlayan  böyük ictimai rezonans doğuran jurnalist araşdırmalarının müəllifidir və o, bundan öncə də hakimiyyət yönlü qüvvələrin  hədəfinə çevrilirdi.   Dəfələrlə iqtidar mediasında X.İsmayılovaya qarşı qarayaxma xarakterli və  heç bir həqiqətə uyğun olmayan yazılar dərc olunub.

RATİ hesab edir ki, Xədicə İsmayılovaya qarşı bu çirkin təxribatın arxasında Azərbaycan xüsusi xidmət orqanları durur. Vaxtilə bu cür çirkin addımlar  müxalifətyönlü “Azadlıq” qəzetinin baş redaktoru  Qənimət Zahidə, həmin qəzetin maliyyə direktoru Azər Əhmədova, əməkdaşları Natiq Güləhmədoğlu və Qan Turala qarşı  həyata keçirilmişdi. Adı çəkilən  jurnalistlərin şəxsi həyatlarına aid intim xarakterli video görüntülər internetdə yayımlanmışdı. Bu cür tendensiya onu göstərir ki, Azərbaycan hökuməti  xüsusi xidmət orqanların  texniki və insani resurslarından qeyri-qanuni istifadə edərək hökuməti tənqid edən yazarlara qarşı mərkəzləşdirilmiş və mütəmadi  qaydada qarayaxma kampaniyalarını təşkil edir.

RATİ təəssüflə qeyd edir ki Azərbaycanda hökumətin azad sözə qarşı dözümsüzlüyü jurnalist qətlləri və həbsləri ilə bitmir və hətta jurnalistlər şəxsi həyatlarına çirkin  müdaxilələr səviyyəsinə qədər davam edir.

RATİ xatırladır ki, ilk dəfə olaraq bu cür çirkin təxribat 2005-ci ilin fevralında Qənimət Zahidə və Azər Əhmədova qarşı həyata keçirilmişdi. Elə bu hadisədən bir həftə sonra – 2005-ci ilin martın 2-də tanınmış tənqidçi jurnalist Elmar Hüseynov qətlə yetirilmişdi.
Son illərdə  oxşar çirkin təxribatlar tənqidçi jurnalistlər  Natiq Qüləhmədoğlu və Qan Turala qarşı həyata keçirilib. Bir necə ay öncə Azərbaycanda jurnalist Rafiq Tağı  qətlə yetirilib  və 4 jurnalist müxtəlif saxta ittihamlarla həbsə atılıb.

 Bu günə qədər jurnalistləri qətlə yetirənləri nə də jurnalistlərə qarşı iyrənc təxribatlara əl atan şəxsləri bir dəfə də olsun tapıb cəzalandırmayıblar. Məhz bu məqam jurnalistlərə qarşı həyata keçirilən cinayət əməllərinin arxasında dövlət məmurlarının  durmasından şübhələnməyə tutarlı əsaslar  verir.
 
RATİ Azərbaycan iqtidarına müraciət edərək  Xədicə İsmayılovanı şantaj edən şəxsləri  müəyyən edib onları məsuliyyətə cəlb etməyə, siyasi sifarişlə həbsə atılan bütün jurnalistləri azad etməyə, Elmar Hüseynovun və Rafiq Tağının qatillərini və bu qətllərin sifarişçilərini tapıb cəzalandırmağa və ifadə azadlığına dözümlə yanaşmağa çağırır.

RATİ həmçinin Azərbaycanın üzv olduğu BMT, Avropa Şurası, və ATƏT qarşısında  ifadə azadlığının təmini etməklə bağlı üzərinə  öhdəliklər götürməsini   nəzərə alaraq, bu beynəlxalq qurumlara müraciət edərək onlardan Azərbaycanda ifadə azadlığının durumunu diqqətdə saxlamağı,  söz azadlığına və jurnalist hüquqlarına  Azərbaycan hökumətini hörmətlə yanaşmağını tələb etməyə çağırır.

Previous Post

JURNALİST XƏDİCƏ İSMAYILOVA ŞANTAJ EDİLİR

Next Post

NAXÇIVANDA JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.