Jurnalistin vəkilləri məhkəmədə çıxış edib

Nicat (5)

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Məhkəmədə təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxışlar ediblər.

Məhkəmədə çıxış edən jurnalistin vəkili Yalçın İmanov bildirib ki,  jurnalistə irəli sürülmüş ittihamların əsası yoxdur və iş üzrə aparılan istintaq göstərdi ki, iş siyasi xarakterlidir.  

“Nicat Əliyevə polis bölməsində ağlasığmaz işgəncələr verilmişdir. Onun 2 dişi sındırılmış, qulaq pərdəsi zədələnmişdir. Nicata həbs qətimkan tədbiri seçildikdən 9 ay sonra yenidən ittiham irəli sürülüb. Əgər ekspertizanın rəyində sübutlar var idisə niyə 9 ay gözləyirdilər. Ekspertin vəkillərin bir çox suallarını cavablandıra bilməməsi, şahidlərin dindirilməməsi, vəsatətlərin təmin olunmaması məhkəmə hakimiyyətinin siyasi hakimiyyətin mövqeyindən çıxış etdiyini bir daha göstərdi”,-deyə vəkil çıxışında qeyd edib.

N.Əliyevin digər müdafiəçisi Abel Bayramov qeyd edib ki, Nicat Əliyevə və digərlərinə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur.

“İstər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı dövründə həmin ittihamlar öz təsdiqini tapmamışdır. Ona qarşı irəli sürülən 2 maddənin heç bir əsası yoxdur. N.Əliyevə çox ağır fiziki və psixoloji işgəncələr verməklə ifadəyə imza atmağa məcbur ediblər.  İrəli sürülən ittihamlar ekspert rəyinə əsaslanırdı və ekspert şahid qismində məhkəmədə dindirilən zaman aydın oldu ki, ümumiyyətlə ekspert işin mahiyyətini tam şəkildə anlamır və gəldiyi nəticəni heç cür əsaslandıra bilmədi. Bir mənalı olaraq təqsirləndirilən şəxs Nicat Əliyevə bəraət hökmü verilməlidir”, -deyə  Abel Bayramov çıxışında qeyd edib.

Qeyd edək ki,  növbəti məhkəmə prosesi noyabrın 21 saat 11:00 təyin edilib.

Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat  Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

Previous Post

IMS, RATİ, MEMO 98 və Naxçıvan DQİRM Azərbaycanda media plüralizminin inkişafı üçün layihəyə başlayır

Next Post

Azərbaycan hökuməti ifadə və birləşmək azadlığına qarşı silsilə təzyiqlərə son qoymalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.