Azərbaycan hökuməti ifadə və birləşmək azadlığına qarşı silsilə təzyiqlərə son qoymalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) prezident seçkilərindən sonra ifadə və birləşmək azadlığına qarşı hökumətin aqressiv repressiya dalğasından ciddi narahatlıq keçirir, hökuməti bu təzyiqlərə son qoymaqla ifadə  və birləşmək azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.

RATİ  noyabrın 12 də  “Nota Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin 4 il, blogger Rəşad Ramazanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini ifadə azadlığına qarşı  günü gündən güclənən repressiyanın tərkib hissəsi kimi qiymətləndirir və Azərbaycan hökumətini saxta ittihamla həbs edilmiş bütün  jurnalistləri azad etməyə çağırır.    RATİ  bildirir ki, təşkilatın apardığı  monitorinq göstərir ki, jurnalist və bloggerin məhkəməsi çoxlu yerli və beynəlxalq qanunvericilik normalarının pozulması ilə keçirilib.

“Sərdar Əlibəyli hökumətə, xüsusilə də prezidentə qarşı tənqidi yazılar yazırdı. Blogger Rəşad Ramazanov da öz Facebook səhifəsində tənqidi fikirlər səsləndirirdi. Tənqidi fikirlər səsləndirdiyinə görə bu şəxslər saxta ittihamla həbs olunublar. Azərbaycan  2014-cü ildə Avropa Şurasına sədrlik edəcəyi halda bu cür saxta ittihamlarla şəxsləri cəzalandırmaqla Şura qarşısında insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini aşkarcasına nümayiş etdirir ”, -deyə RATİ sədri və direktoru Emin Hüseynov qeyd edib.

RATİ  bildirir ki,  seçkidən sonra hökumətin ilk qurbanlarından biri də Azadlıq qəzeti olub. Azadlıq qəzetinin çapı dayandırılıb, bank hesabına həbs qoyulub, iqtidara yaxın şəxslərin əli ilə məhkəmələr qəzetin yüksək məbləğdə cərimələr ödəməsi barədə qərarlar çıxarıb.  Azadlıq qəzetinin bağlanmasına edilən cəhdlər ifadə azadlığına qarşı birbaşa təzyiq və bu azadlığın birbaşa pozuntusudur. Çünki Azadlıq qəzeti alternativ fikirlərin ifadə olunmasına imkan yaradan azsaylı müxalifət qəzetlərindən biridir.

“Azadlığın bağlanması və “Yeni Müsavat” qəzetinin isə ağır maddi itkilərlə üzləşməsi azad söz üçün məkanı daha da kiçildəcək. Bir müxalif qəzetinin bağlanması digərinin isə bağlanmaq təhlükəsi ilə üzləşməsi  alternativ fikri yayan çap mediasının faktiki yoxa çıxmasına gətirib çıxara bilər”, -deyə Hüseynov qeyd edib.

RATİ təəssüflə bildirir ki,  Bakı Dövlət Universitetinin müəllimi, tarix professoru Altay Göyüşov öz Facebook səhifəsində  siyasi xarakterli statuslar paylaşdığı üçün universitet rəhbərliyi tərəfindən işdən çıxma barədə ərizə yazmağa məcbur edilməsi və məcburi olaraq auditoriyadan kənarlaşdırılması barədə məlumat yayıb. RATİ bildirir ki, şəxsin öz fikrini azad şəkildə ifadə etdiyinə görə təzyiqə məruz qalması yolverilməzdir və bu hal hakimiyyətin alternativ fikrə həddən artıq dözümsüz olduğunu bir daha açıq-aşkar  göstərir.

Əsas müxalifət qəzetlərini faktiki olaraq məhv olmaya məhkum edən hakimiyyət paralel olaraq da alternativ fikirli çap  məhsullarını nəşr edən “Qanun” nəşriyyatına qarşı da basqıları davam etdirir. Ötən həftə “Qanun” nəşriyyat evində  hakimiyyətin siyasi sifarişi ilə aparılan vergi yoxlamaları nəticəsində nəşriyyatın əsas kompüterləri ilə yanaşı bütün  maliyyə sənədləri müsadirə edilmişdi. Kompüterləri heç bir əsas olmadan müsadirə edən Vergilər nazirliyi Qanun nəşriyyat evinin işini faktiki olaraq iflic vəziyyətinə salıb.

Oktyabrın 9-da  keçən  prezident  seçkilərindən sonra Azərbaycan hakimiyyəti jurnalist və media  qurumlarını hədəfə almaqla yanaşı, həmçinin qeyri-hökumət təşkilatlarına qarşı da  amansız  təzyiqlərə start verib.  Belə ki, seçkilərin çoxsaylı saxtakarlıqlarla müşayiət olunduğunu hesabatlarında bəyan edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi  Mərkəzinə qarşı,  həmçinin bir neçə digər QHT-lərə qarşı Baş Prokurorluğun əli ilə saxta cinayət işləri açıblar ki, bu da Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı amansız mövqedə olduğunu açıq-aşkar göstərir.

“Mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən və güclənən bu repressiya dalğası onu göstərir ki,  Azərbaycan iqtidarı beynəlxalq öhdəlikləri yerinə yetirərək ölkədə demokratiya qurmaq əvəzinə faktiki olaraq Azərbaycanı Sovet diktaturası dövrünə geri qaytarır ”,-deyə Emin Hüseynov əlavə edib.

RATİ hökuməti həbsdə olan və sayı 14 nəfərə çatan  jurnalist, blogger və hüquq müdafiəçilərini dərhal azad etməyə, müxalifət qəzetlərinə və mətbəəsinə qarşı təzyiqlərə, QHT-lərə qarşı basqılara son qoymağa, ölkənin beynəlxalq öhdəliklərində zəmanət verilən  insan hüquqları və fundamental azadlıqlara hörmət etməyə və təxirəsalınmaz demokratik islahatlar keçirməyə çağırır.

RATİ eyni zamanda ATƏT, Avropa Şurası və BMT-ni Azərbaycanda yaranmış bu təhlükəli qeyri-demokratik şəraitə müdaxilə etməyə, Azərbaycan hökumətindən götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə və yerinə yetirmədiyi halda konkret sanksiyalar tətbiq etməyə çağırır.

Previous Post

Jurnalistin vəkilləri məhkəmədə çıxış edib

Next Post

Metro keçidlərində qəzet-jurnal, kitab, dəftər satışı qadağan edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.