“Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Bu barəsdə bu gün (15 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Z. Əmənovun özü məlumat verib.
Onun sözlərinə görə, 100 nəfərə yaxın dindar “Ya, Hüseyn!” şüarları altında orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz məqsədilə aksiya keçiriblər və ona bu aksiya zamanı təzyiq edilib.
“Polis dindarların qarşısını kəssə də onlar Heydər Əliyev prospekti ilə Masallı rayon Təhsil Şöbəsinə tərəf irəliləyirdilər. Burada polis onlara daha ciddi müqavimət göstərirdi. Mən fotoaparatla çəkiliş aparırdım. Hadisə yerində olan Masallı rayon Polis Şöbəsinin əməkdaşları məni və bir neçə aksiya iştirakçısını saxlayaraq Polis Şöbəsinə apardılar. Orada polis işçiləri fotoaparatımı məndən aldılar. Şöbədən buraxıldıqdan sonra isə fotoaparatım özümə qaytarılmadı” – deyə qeyd edən Z. Əmənov bildirdi ki, bu hadisə ilə bağlı müvafiq orqanlara şikayət edəcək.
Qeyd edək ki, “Cənub Xəbərləri” qəzeti Demokratiyaya Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə 2004-cü ildən ayda 3 dəfə olmaqla nəşr olunur.