DİNDARLARIN AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILAN ZAMAN JURNALİST DƏ TƏZYİQƏ MƏRUZ QALIB

Bu gün (7 yanvar) İsrailin Bakıdakı səfirliyi qarşısında  Qəzzada baş verən  hadisələrə etiraz əlaməti olaraq  bir qrup dindar tərəfindən keçirilən aksiyanın polis tərəfindən dağıdılması zamanı  “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlı təzyiqə məruz qalıb.  Bu barədə RATİ-yə Ə. Muxtarlının özü məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan keçirilən aksiya Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dağıdılıb. Bu zaman polis tərəfindən aksiya iştirakçıları ilə bərabər media nümayəndələrinə qarşı da zor tətbiq edilib.
“Əynimdə Mətbuat Şurasının (MŞ) redaksiyalara payladığı xüsusi fərqləndirici (üzərində PRESS yazılmış) gödəkcənin və yaxamda  “Yeni Müsavat”  qəzetinin vəsiqəsinin  olmasına baxmayaraq,  polislər təzyiq göstərməklə məni hadisə yerindən uzaqlaşdırdılar”, – deyə qeyd edən Ə. Muxtarlının sözlərinə görə, polis təzyiqi nəticəsində sol əlindən və sağ ayağından zədə alıb. Fotoaparatı isə polis tərəfindən  əlindən alınaraq sıradan çıxarılandan sonra özünə qaytarılıb. Jurnalist baş vermiş hadisə ilə əlaqədar tibbi ekspertizadan keçmək üçün hüquq mühafizə orqanlarına müraciət edib.
Jurnalistin sözlərinə görə, artıq o baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş  Prokurorluğa müraciət edib.
Daxili İşlər Nazirliyi İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Ehsan Zahidovun isə RATİ-yə verdiyi məlumata görə, hələ ki, nazirliyə baş vermiş hadisə ilə bağlı heç bir məlumat daxil olmayıb: ”Əgər bizə müraciət edilibsə, bu, mütləq araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.
Previous Post

NAXÇIVANDA ATV-NİN QISA DALĞADA YAYIMI DAYANDIRILIB

Next Post

DİNDARLARIN AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILAN ZAMANI JURNALİST DƏ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.