Jurnalist məhkəmədə ifadə verib

398327_525389854153700_112437647_n

Martın 11-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses zamanı müdafiə tərəfin vəkilləri  Pərviz Həşimlinin evində axtarış olduğu zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən götürülən və geri qaytarılmayan yaddaş kartının müdafiə tərəfinə qaytarılması barədə vəsatət veriblər. Hakim sənədlər elan olunandan sonra bu məsələyə baxılacağını bildirib.

Məhkəmə zamanı jurnalist Pərviz Həşimli ifadə verib. O bildirib ki, irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmir və onun ifadəsini  Milli Təhlükəsizlik Nazirliyinin müsəntiqi yazıb.

“MTN əməkdaşları həbsimdən bir qədər əvvəl  məni izləməyə başlayıblar. Həbsimdən bir gün öncə ABŞ səfirliyinə həbs olunmaq təhlükəm barədə məlumat vermişəm. Eyni zamanda həmin gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də məktub yazaraq haqqımda yanlış informasiyalar verildiyini demişəm. MTN rəhbəri iddia edir ki, mən MTN-in keçmiş müavini, indi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevdən, deputat Cavid Qurbanovdan pul alıb müxalifətə verirəm, ancaq mən heç kimə pul verməmişəm”,-deyə jurnalist bildirib.

Jurnalist MTN-də onu işgəncə ilə təhdid edildiyini də öz ifadəsində qeyd edib.

 “MTN-də saxlanıldığım zaman  işgəncə alətləri olan otağa aparıldım və orda olan alətlər barədə mənə danışaraq mənə psixoloji təzyiq göstəriblər. Həmin vaxt MTN-də çalışan İlqar Əliyev mənə deyib ki, axtarış üçün evimizə göndərdikləri adamlara “ayıboğanlar” deyirlər və əgər onlar istədiklərini yazmasam məni onlara zorlatdıracaq”,-deyə jurnalist qeyd edib.

P. Həşimli onu da qeyd edib ki, digər təqsirləndirilən Təvəkkül Qurbanovu onunla  Gəncədə olan İlqar adlı şəxs tanışdırıb və Qurbanov oğlununun İqtisad Universitetində oxuduğunu və kəsrlərinin olduğunu ona deyib.

“Mən ona təklif etdim ki, oğlunun universitetində baş verənlərlə bağlı məlumat yazım və bu hadisəni ictimailləşdirib həll edim. Həbs edildiyim gün Təvəkkül mənə yenə zəng edərək necə görüşə biləcəyimizi soruşdu.   Mən onu işlədiyim ofisə dəvət etdim.   Əgər hansısa silah gətirildisə mən onunla 8-9 jurnalistin işlədiyi ofisdə görüşməzdim. Eyni zamanda  mənim telefonuma bütün zənglər Təvəkkül Qurbanovdan gəlib, mən heç vaxt ona zəng etməmişəm və onunla apardığım bütün telefon danışıqlarında silah barədə hər hansı söhbət olmayıb”,-deyə jurnalist əlavə edib.

Qeyd edək ki, proses martın 13-də 10:30-da davam edəcək.

Xatırladaq ki,  Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi  Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

Jurnalistin işinə mahiyyəti üzrə baxılacaq

Next Post

Ali Məhkəmənin qərarı diffamasiya islahatı çağırışlarını stimullaşdırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.