Jurnalistin həbs müddəti daha 3 ay uzadıldı

Km51EXEX4Hl5
Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublunun  barəsində seçilmiş həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar verilib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Nemət Kərimli məlumat verib.
Vəkil N. Kərimlinin sözlərinə görə, bugünkü prosesdə baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi vəsatətə baxılıb.
“Vəsatətdə göstərilib ki, Tofiq bəy sərbəst buraxılsa, ölkədən qaça bilər. Məhkəmədə iştirak edən  Tofiq Yaqublu bildirdi ki, onun ölkədən qaçmaq kimi bir fikri yoxdur, qalıb hüquqlarını müdafiə etmək niyyətindədir. Daha sonra biz məhkəmədən xahiş etdik ki, Yaqublu barmaqlıq arxasından çıxarılaraq vəkilləri ilə birgə əyləşsin. Hakim bu vəsatətimizi təmin etdi. Sonra biz məhkəməyə təqdim olunmuş sübutların elan olunmasını istədik. Lakin qarşı tərəf ancaq Tofiq Yaqublu barəsində olan məhkəmə qərarlarını, vəkilin orderinin surətini təqdim edə bildi”-deyən vəkil qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

 

Previous Post

Əvəz Zeynallının Mətbuat Şurası ilə məhkəmə çəkişməsi başlayıb

Next Post

Müxalif qəzetin saytına haker hücumu edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.