AİLƏ ÜZVLƏRİ DÜYÜLƏN JURNALİST HƏDƏLƏNİR

Sentyabrın 20-dən 21-ə keçən gecə saat 22.30 radələrində Binəqədi rayon Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində  işdən evə gedərkən yaşadığı evin yaxınlığında ağ rəngli “Niva” markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs “Ayna”-“Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun qarşısını kəsərək onu hədələyiblər. Bu barədə  İ.Abbasovun özü bu gün (21 sentyabr) Redaktorlar Birliyinin növbəti iclasında məlumat verib.

“Həmin adamlar məni əxlaqsız ifadələrlə təhqir etdilər və ağıllı olmağımı tələb etdilər. Təxminən bir həftə bundan əvvəl də  qardaşım Raman Abbasov hədələnib və ona mənim ağıllı olmağım üçün  xəbərdarlıq edilmişdi”, – deyə İ.Abbasov qeyd edib.
Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.  
Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) çatdırılıblar.
İ.Abbasovun dediyinə görə, xəstəxanada müalicə edilmədiklərinə görə, qardaşı Ədalət Abasov və anası Naimə Quliyevanı (onun vəziyyəti hazırda ağır olar qalır) ötən həftənin sonunda xəstəxanadan çıxarmağa və şəxsi klinikaların birində müalicə etdirməyə məcbur olub. Ata Telman Abbasovun isə müalicəsi 4 saylı şəhər xəstəxanada davam edir.
    Baş verən hadisə ilə bağlı  Binəqədi rayon 40 saylı Polis Bölməsində araşdırmalar gedir. Hadisə yerinə baxış keçirilib, ilkin ifadələr alınıb, hadisə yerində foto şəkillər çəkilib. Habelə İ.Abbasov qeyd etdi ki,  ailə üzvlərinə xəsarət yetirən şəxslərin bir neçəsinin adı, o cümlədən onların hansı nəqliyyat vasitələri ilə  basqında iştirak eləmələri barədə polisdə məlumatlar var.
Onu da qeyd edək ki, İ.Abbasovun özü barədə polisə xuliqanlıqla bağlı, qardaşları Vaqif Abbasov və Raman Abbasov barədə isə  “adam döymə” ilə bağlı şikayətlər verilib. Ailənin hüquqlarının qorunması ilə Media Hüququ İnstitutunun əməkdaşı, vəkil Elçin Sadıqov məşğul olur.
 

Previous Post

REDAKTORLAR BİRLİYİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.