Martın 17-də bir qrup jurnalist və gənc Gəncə şəhərinə səfər edərək həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsi və yaxınları ilə görüşüb. Səfərdə “Azadlıq” qəzetinin müxbiri Ramin Deko, “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Ədalət Əhmədov, AXCP gəclər təşkilatının sədri Əbülfəz Qurbanlı, hüquq müdafiəçisi Qaya Əliyev, Bəxtiyar Hacıyevin hüquqlarının müdafiə komitəsinin sədri Rail Abbasov və digər şəxslər iştirak edib.
Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev isə qardaşına işgəncə verildiyi üçün ona yaxınları ilə görüş verilmədiyini bildirib.
Gənc fəalın anası Solidə Mövlayeva isə qeyd edib ki, oğlu həbs ediləndən sonra etiraz əlaməti olaraq hakim Yeni Azərbaycan Partiyasının üzvlüyündən imtina edib.
Dostları isə Bəxtiyar Hacıyevin həbsini hökumətin alternativ fikirli gənclərə qarşı apardığı repressiya kimi dəyərləndiriblər.
Yeri gəlmişkən onu da qeyd edək ki, gənc fəalla bağlı Gəncəyə səfər etmiş media nümayəndələri və gənclər polisə də dəvət edilib. Onlardan səfərlərinin məqsədi soruşulub.
Xatırladaq ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qərarını martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi çıxarıb. 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra həbsdən azad edilmişdi. Hüquq müdafiəçilərinin fikrinə görəsə BəxtiyarHacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart böyük xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.