QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS EDİLƏN JURNALİSTLƏR ZORAKILIĞA MƏRUZ QALIRLAR

Quba hadisələrinə görə həbsdə olan “Xəyal” TV-nin Bakı İstintaq Təcridxanasında saxlanılan icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev hədələnərək təhqir və təzyiqlərə məruz qalırlar. Bu barədə bu gün (16 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Zaur Quliyevin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil RATİ-yə açıqlamasında bildirib ki, bu barədə məlumat ona təqsirləndirilən şəxslərin özlərindən təxminən bir ay qabaq daxil olub:

“Jurnalistlər bildiriblər ki, onlara fiziki və mənəvi işgəncələr verilərək tələb edilir ki, hüquqlarını müdafiə edən vəkillərdən imtina etsinlər. İstintaqın jurnalistlərə olan təzyiqini qanunsuz əməl hesab edirəm və tərəfimizdən  bu barədə aidiyyatı qurumlara müraciət ediləcək”,  – deyə vəkil bildirib.
     Qeyd edək ki, “Xəyal” TV-nin Bakı İstintaq Təcridxanasında saxlanılan icraçı direktoru Vüqar Qonaqov  həbsi müddətində ona verilən fiziki və mənəvi işgəncələri əks etdirən məktubu “Azadlıq” qəzetinə ünvanlayıb.  Jurnalist saxlanıldığı təcridxana rəhbərliyi tərəfindən daim işgəncələrə məruz qaldığını və  nəticədə səhhətində  yaranan problemlərə və müalicəsinə rəhbərlik tərəfindən laqeyd münasibət göstərildiyini qeyd edib: “Martın 17-də gecə saatlarında hərarətim çox yüksəlmişdi. Vəziyyətim ağırlaşırdı. 3 gün orada saxlandığım müddətdə bir dəfə də dərman verilmədi. Dəfələrlə rəis Göyüş Quliyevdən xahiş etsəm də, nə həkim çağırıldı, nə də ki dərman verildi. Martın 18-də General Mirqafar Seyidovun otağına aparıldım. Otağında DİN Baş İstintaq İdarəsinin rəisi Arzu Daşdəmirov da var idi. Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim”, – deyə qeyd edən məhkum əks təqdirdə cinsi zorakılığa məruz qalacağ ilə hədələndiyini yazır.
     ” Arzu Daşdəmirov mənə dedi ki, heç vaxt həbsdən çıxmayacağam. Nəşə atıb, min-bir bəhanə ilə məni həbsdə saxlayacaqlar. O həmçinin bu dəfə çağırılmağımın axırıncı şans olduğunu dedi. Mən bu hədə qorxular, təzyiqlər altında ifadə verməyə məcbur edilirdim. Mirqafar Seyidovun tapşırığına əsasən, mən vəkilim Elçindən imtina etməli idim. Həmin gün məni vəkildən imtina etməyə məcbur etdilər və ərizə yazdırdılar”.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini  həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.

Previous Post

ŞAHİDLƏR ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNƏ GƏLMƏDİLƏR

Next Post

İSTİQLALÇI DEPUTATLAR İQTİDARI DÖVLƏTÇİLİYƏ HÖRMƏTSİZLİKDƏ SUÇLADILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.