Dekabrın 24-də Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkə başçısı İlham Əliyevin 50 yaşının tamam olmağı münasibətilə bişirilmiş 50 metrlik tortun kəsilməsi mərasimindən reportaj hazırlayan jurnalistlər təzyiqə məruz qalıblar.
“Mənim fotoaparatımı əlimdən aldılar. Sumqayıt şəhər icra hakimiyyətinin Əbülfəz adlı şöbə müdiri isə bütün medianı və jurnalistlərin ünvanına əxlaqsız ifadələr və təhqirlər səsləndirdi. Çəkiliş üçün polis rəis müavini Azər Cahangirovdan icazə aldığımızı söyləsək də, icra hakimiyyətinin işçiləri buna məhəl qoymadılar. Yenidən polis rəis müavini Azər Cahangirova yaxınlaşıb, fotoaparatımızı qaytarılmasını istədik. Yalnız bundan sonra icra hakimiyyətinin məsul işçisi bizi mədəniyyət sarayına dəvət edib, çəkdiyimiz bir neçə şəkli sildikdən sonra fotoaparatı geri qaytardı. “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu da bu hadisəni lentə alanda o, polis və 4-5 nəfər mülki geyimli şəxsin özbaşınalığı ilə üzləşdi. Onlar çəkilişi kameradan silməyi tələb etdilər. Amma Maarif bununla razılaşmadı. Onlar zorla kameranı Maarifin əlindən aldılar və görüntüləri silindikdən sonra kameranı ona qaytardılar. Bu azmış kimi jurnalistin paltosunu da cırdılar”, – deyə qeyd edən R.Deko hadisə ilə bağlı Baş Prokurorluğa və DİN-ə müraciət etdiyini bildirdi.