İyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Bu haqda məlumatı RATİ-yə jurnalist Elman Abbasovun özü deyib.
Sonra jurnalist İlqar Nəsibovun da üzərinə eyni qayda ilə hücumlar olunub və ona da bədən xəsarəti yetirilib. Polis rəisi Məmməd Hüseynov İlqar Nəsibovu rəisə yaraşmayan ifadələrlə söyərək təhqir edib və onun həbsi barədə əmr verib. İlqar Nəsibov tutularaq zorla polis maşınına mindirilib. 15 dəqiqədən artıq polis maşınında işgəncəyə məruz qoyulub. Nəticədə jurnalist İlqar Nəsibovda müxtəlif bədən xəsarəti alıb.
Jurnalist əlavə olaraq vurğulayıb ki, orada çəkiliş aparan RATİ-nin Naxçıvandakı digər müxbiri Mehman Mehdiyevin də üzərinə bir neçə dəfə polislər hücum edərək onu da yaxalamağa cəhd ediblər. Amma hər dəfə o qaçaraq polislərdən qurtula bilib. Amma polis kapitanı Kamal Abdullayev bütün insanların gözü qarşısında M. Mehdiyevi mütləq bir bəhanə ilə həbs etdirəcəyini deyib.
Diplomatik korpuslar və media məlumatlandırıldıqdan sonra polislər və onların yanındakı idmançı cüssəli mülki geyimli şəxslər ərazini tərk ediblər və jurnalistlərin alınmış ləvazimatları çəkilişlər silinmiş vəziyyətdə geri qaytarılıb.
Qeyd edək ki, konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.