RATİ-NİN NAXÇIVANDA JURNALİSTLƏRƏ TƏZYİQ FAKTI İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  Şərur rayon icra hakimiyyətinin və polis idarəsinin əməkdaşlarının iyulun 15-də  jurnalistlərə qarşı törətdikləri  zorakılığı qətiyyətlə pisləyir.

Belə ki, RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyev həmkarlarına polisin və yerli hakimiyyətin onun  mənzilinə və Yuyucu məntəqəsinə gələn elektrik enerjisinin heç bir əsas olmadan  kəsdiyini deyib.  Hadisə yerinə gələn jurnalistlər RATİ əməkdaşı Elman Abbasov və “Turan” informasiya agentliyinin əməkdaşı İlqar Nəsibov  Mehdiyevin evinin yanındakı elektrik enerjisi dirəyinin söküldüyünü görüblər.  Bütün baş verənləri  foto və videoya çəkiblər. Amma gözlənilmədən polis əməkdaşları jurnalistlərə hücum edərək onları saxlayaraq, foto və video kameralarını alıblar. Bu zaman RATİ-yə məxsus “Nikon-D 90”  markalı fotoaparat da sındırılıb. Jurnalistlərdən Elman Abbasova bir neçə dəfə hücum edib onu döysələr də, onu yerli sakinlər polisin əlindən alaraq evlərində gizlətməyə müvəffəq olublar. Amma İlqar Abasov tutularaq polis maşınına mindirilib və 15 dəqiqə ərzində həmin maşında işgəncəyə məruz qoyularaq,  təhqir edilib.

 

Qeyd edək ki, konflikt   Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

 

RATİ Naxçıvan Muxtar Respublikası hakimiyyətini jurnalistlərə qarşı dözümlü olmağa, jurnalistlərin normal fəaliyyətləri üçün şərait yaratmağa və onlara təzyiq edən şəxsləri cəzalandırmağa çağırır. Habelə RATİ Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevə müraciət edərək, onu  Naxçıvan Muxtar Respublikasında medianın durumu ilə bağlı vəziyyətə müdaxilə etməyə, jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şərait yaratmağa, jurnalistlərə təzyiq edən şəxslərin isə cəzalandırılmağına çağırış edir.

 

RATİ qeyd edir ki, baş verən son insident onsuz da söz və mətbuat azadlığının durumuna görə mənfi imicə məxsus Azərbaycana növbəti ləkədir və bu kimi hər bir hadisə “Avroviziya-2012”-nin astanasında olan Azərbaycana başucalığı gətirmir.

 

Previous Post

NAXÇIVANDA JURNALİSTLƏR DÖYÜLDÜ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.