JURNALİSTLƏR ONLARI DÖYƏN POLİSLƏRİ BAĞIŞLAYIBLAR

Noyabrın 24-də “Turan” informasiya agentliyinin fotomüxbiri Etimad Budaqov və “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu Daxili İşlər Nazirliyində axırıncı aksiya zamanı onları vuran polislərlə üzləşdiriliblər. Bu barədə bu gün (26 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Etimad Budaqov məlumat verib.

“DİN-in Daxili Təhqiqatlar İdarəsində mənimlə F. İlqaroğlunu bizi vuran polislərlə üzləşdirdilər. Həmin polislər bizdən dəfələrlə üzr istədilər. Bildirdilər ki, həmin polis əməkdaşları yenicə işə başlayıblar və bu, onların ilk aksiyası olub. Həm də onlara jurnalistlərin hamısının göy yox, sarı gödəkcədə olacağı deyilibmiş. Bizə dedilər ki, onlar onsuz da peşə fəaliyyətlərini düzgün yerinə yetirmədiyinə görə cəzalandırılacaqlar. Biz idarədə Daxili İşlər naziri Ramil Usubova ərizə yazaraq şikayətimizi geri götürdüyümüzü bildirdik”.

    Xatırladaq ki, noyabrın 17-də Bakının “Fəvvarələr meydanı”nda müxalifət fəalları parlamentin buraxılması tələbilə aksiya keçiriblər. Bu zaman iş başında olan Fərahim İlqaroğlu və Etimad Budaqov polis təzyiqi ilə üzləşib. Elə həmin gün Daxili İşlər Nazirliyinə müraciət olunub, jurnalistlərə təzyiq edən polislərin cəzalandırılması tələb edilib.

Previous Post

DƏYANƏT BABAYEV AZADLIĞA BURAXILSA DA CİNAYƏT İŞİ DAVAM EDİR

Next Post

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS OLUNAN JURNALİSTLƏRİN MƏHKƏMƏSİ BAŞLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.