Quba hadisələrinə görə həbs olunan jurnalistlər – “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın baş redaktoru Zaur Quliyevin cinayət işi üzrə materiallar baxılmaq üçün Quba rayon məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası noyabrın 30-a təyin edilib.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.