Bu gün (6 iyun) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Səxavət) qarşı irəli sürdükləri ittiham üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Prosesdən sonra isə K. Bəyəliyev RATİ-yə bildirdi ki, onun hüquqlarını müdafiə edən vəkili Vüqar Xasayevə vaxtında məhkəmə bildirişi daxil olmadığından və vəkilin məhkəmənin keçirilmə günündən xəbərsiz olması səbəbindən o prosesdə iştirak edə bilməyib və bu səbəbdən də hakim V. Cəfərov növbəti prosesi 17 iyun saat 10:30-a təxirə salıb.
Xatırladaq ki, 2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində Bakı-Sumqayıt magistral yolun üstündə Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov arasında mübahisə yaranıb. Mübahisə icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları dayandırmağı tələb etmələri ilə başlanıb. Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.
“Güzgü” qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.