JURNALİSTİN BAĞÇAYA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

iyul 12th, 2012
İyulun 11-də Bakının Xətai Rayon Məhkəməsində hakim Raziyə Ataşovanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyevanın 335 saylı bağçanın müdirəsi Sevda Almuradovaya qarşı  növbəti məhkəmə prosesi keçirilib.

 Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.
Prosesdə iddiaçı və onun vəkili Azər Quliyev, cavabdeh tərəfdən isə vəkil Akif Əlizadə iştirak ediblər.
Cavabdehin nümayəndəsi Akif Əlizadə məhkəməyə qarşılıqlı iddia təqdim etdiklərini bildiriblər. Vəkil qeyd edib ki, jurnalist Röya Rəfiyevanın məhkəmə bitmədən ölkə qəzetlərinə və saytlara olayla bağlı məlumat verməsini qanunsuz, saytlarda və qəzetin özündə gedən yazıların bağçaya təzyiq  hesab edir.
Hakim Raziyə  Ataşova qısa sürən müşavirədən sonra cavabdeh tərəfin iddiasını geri qaytardığını, növbəti məhkəmənin  iyulun 25-i saat 16.00-a təyin edildiyini elan edib.
Xatırladaq ki, jurnalist Röya Rəfiyevanın məhkəməyə müraciət etməsinə səbəb  335 saylı bağçanın müdirəsi Sevda Almuradovanın bağçada tərbiyə alan oğlu Amin Qurbanlını qanunsuz olaraq oradan qovmasıdır. Müdirə jurnalistin 1 yaş 8 aylıq oğlu Amin Qurbanlını anasının müxalifət qəzetində işlədiyini əsas gətirib bağçadan qovaraq, jurnalisti təhqir edib. Jurnalist müdirə tərəfindən təhqirə məruz qaldığı, eyni zamanda azyaşlı oğlunun pozulan hüquqlarının bərpası üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.