BAŞ REDAKTORUN HƏBSXANADA ÖLMƏSİ İLƏ BAĞLI YENİDƏN MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə  prosesi təxirə salınıb.

Mərhum jurnalistin vəkili Ramiz Məmmədovun RATİ-yə  bildirdiyinə görə, prosesin təxirə salınmağına səbəb qarşı tərəfin prosesə qatılmaması olub və hakim  Dəmirov prosesi 13 aprel saat 12:30-a təyin edib.

            Xatırladaq ki, N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

 Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun xəstəlik nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməsi və düzgün müalicə olunmaması nəticəsində öldüyünü bildirirlər.

 

Previous Post

İCTİMAİ QURUMLAR AZƏRBAYCAN TOPONİMLƏRİNİN GÜRCÜLƏŞDİRİLDİYİNİ BİLDİRİRLƏR

Next Post

AVROPA MƏHKƏMƏSİ FƏTULLAYEVİN DAHA BİR ŞİKAYƏTİNİ İCRAATA QƏBUL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.