Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin daha bir şikayətini qəbul edib.
Elçin Sadıqov bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi martın 23-də Bakı Apellyasiya Məhkəməsinin 5 noyabr 2010-cu il tarixdə Eynulla Fətullayev barəsində seçdiyi həbs-qətimkan tədbiri ilə bağlı qərardan verilmiş şikayəti qəbul edib.
Vəkil onu da bildirib ki, aprelin 4-də ATƏT-in Bakı ofisinin Qanunun Aliliyi və İnsan Hüquqları Şöbəsinin rəhbəri Monika Martines 1 saylı cəzaçəkmə müəssisəsində E. Fətullayevlə görüşüb, onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb.
“Monika Martines jurnalistə bildirib ki, ATƏT Eynulla Fətullayevin azadlığa buraxılması məsələsini diqqətdə saxlayır, bununla bağlı hökumətlə danışıqlar aparmağa çalışır”, – deyə vəkil əlavə edib.
Qeyd edək ki, Apellyasiya Məhkəməsi zamanı vəkillər E. Fətullayev barəsindəki həbs–qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz olunması üçün vəsatətlər versələr də, məhkəmə təmin etməmişdi.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.