MİLLİ MƏCLİSDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASI TƏLƏB OLUNUB

Bu gün (01 fevral) Milli Məclisin yaz sessiyasının ilk iclasında millət vəkili Pənah Hüseyn akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxana qarşı qaldırdığı məhkəmə iddiasına etiraz edərək, “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacib olduğunu bildirib. Bu barədə “Mediaforum.az” xəbər saytı məlumat yayıb.

Deputat İqbal Ağazadə isə öz çıxışında əsasən həbsdə olan baş redaktorlar, Qənimət Zahid və Eynulla Fətullayevin məsələlərinə toxunub. O, hər iki baş redaktorun işlərindəki motivlərin onların həbslərinə əsas vermədiyini bildirib. İ. Ağazadə onu da qeyd edib ki, bir müddət əvvəl Milli Məclisdə Penitensiar Xidmət haqqında qanunun müzakirəsi zamanı bir neçə təklif verdiyini də qeyd edib: “Mən məsələ qaldırmışdım ki, həbsxanada narkotik maddə tapılan zaman məsuliyyət həbsxana işçilərinin üstünə qoyulsun. Lakin qanunda bu məsələ vətəndaşların – dustaqların üzərinə qoyulur. Ona görə də bu kimi qondarma işləri düzüb-qoşa bilirlər”.
Bu çıxışlara Milli Məclisin sədri Oqtay Əsədov və vitse-spiker Ziyafət Əsgərov da öz münasibətlərini bildiriblər. O. Əsədov Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətində də “Diffamasiya haqqında” qanunun qəbul edilmədiyini bildirib.
Z.Əsgərov isə öz növbəsində insanların növlərə bölünməsinin düzgün olmadığını deyib: “Nəyə görə başqa peşə sahibləri məhkəməyə veriləndə heç kim səsini çıxarmır, amma jurnalistlər məhkəməyə veriləndə ajiotaj yaradılır? Hətta deputatlar da təhqir olunurlar” – deyə Z.Əsgərov bildirib.

Previous Post

TELEKANALLARA ÇƏKİLİŞ APARMAĞA İCAZƏ VERİLMƏYİB

Next Post

AZƏR AYXANA DÖVLƏT TƏRƏFİNDƏN AYRILAN VƏKİL HAZIRLIQ İCLASINDA İŞTİRAK ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.