HAKİM AQİL XƏLİLİN VƏKİLİNƏ BİR NEÇƏ ŞAHİDƏ SUAL VERMƏYİ QADAĞAN ETDİ

Bu gün (07 iyul) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili (Xəlilov) bıçaqlamaqda təqsirləndirilən Sergey Strekalinin məhkəmə prosesi keçirilib.

Proses Aqil Xəlilin vəkili E.Sadıqovun vəsatətlər verməsi ilə başladı. Sadıqov Aqil Xəlilin telefonundan Strekalinin telefonuna göndərildiyi iddia edilən mesajların sübutlar siyahısından çıxarılmasını istədi. O həmin çıxarışların məhkəmənin qərarı olmadan alındığını əsas gətirdi. Dövlət ittihamçısı vəsatətə etiraz edərək çıxarışların müstəntiqin qərarı ilə alındığını bildirdi, Sadıqov isə buna cavabında həmin çıxarışların qanunvericiliyə uyğun olaraq yalnız məhkəmə qərarı ilə verilməsinin mümkün olduğunu bir daha vurğuladı. Hakim vəsatətə baxılmasını təxirə saldı və bu məsələyə yazılı sübutların təhlili zamanı qayıdacaqlarını qeyd etdi.

Vəkilin ikinci vəsatəti şahid qismində “Azadlıq” qəzetinin əməkdaşları – Ağa Cəfərli, Vidadi Məmmədov və Pərviz Cəbrayılovun məhkəməyə dəvət edilməsi ilə bağlı idi. Sadıqov bu şəxslərin Aqil Xəlili izləyənləri gördüklərini və buna görə də onların məhkəməyə çağırılmasının zəruri olduğunu vurğuladı. Dövlət ittihamçısı vəsatətə etiraz etdikdən sonra hakim yerində müşavirə keçirərək vəsatəti təmin etmədi.
Bundan sonra Sadıqov cinayət işinin materialları arasında MTN-nin arayışı olduğunu bildirdi:
“Həmin arayışa əsasən Xəlil döyüldükdən sonra (22 fevral) o MTN tərəfindən izlənilib, onun, Azər Əhmədovun və Vidadi Məmmədovun telefonları dinlənilib. Yəni 22 fevraldan MTN tərəfindən izlənilən şəxs 13 martda bıçaqlanıb və bu anlaşılmaz vəziyyətdir. Mən məhkəmədən bu məsələni diqqətdə saxlamağı və qərar çıxarılarkən nəzərə almağı xahiş edirəm”, – deyə Sadıqov qeyd etdi.
Hakim qərar çıxarılan zaman bu məsələyə baxılacağını dedi.
Proses şahidlərin dindirilməsi ilə davam etdirilməli olsa da, şahidlər gəlmədiyindən hakim qısamüddətli fasilə elan etdi. Fasilədən sonra proses şahidlərin dindirilməsi ilə davam etdirildi və fasilədən sonra həm Aqil Xəlil, həm də Azər Əhmədov prosesdə iştirak edirdilər.
Hal şahidləri kimi ifadə verən Natiq Rüstəmov və Rauf Cavadov Strekalinin üzərindən və evindən narkotikin tapıldığını və buna şahidlik etdiklərini bildirdilər. Şahidlərə dövlət ittihamçısı və Strekalinin vəkili tərəfindən suallar verilsə də, hakim Elçin Sadıqovun həmin şəxslərə sual verməsinə icazə vermədi. O bu qərarını həmin şahidlərin Strekalinə qarşı irəli sürülən digər ittihamla, yəni narkotik maddələrlə əlaqəli olması ilə əsaslandırdı. Vəkil ittihamların eyni cinayət işi üzrə irəli sürüldüyünü və bir prosesin keçirildiyini xatırlatsa da, hakim buna əhəmiyyət vermədi.
Hal şahidlərindən sonra şahid kimi ifadə verməyə Strekalinin sürücüsü Eldar Rəsulov dəvət olundu. Qeyd edək ki, Rəsulovun idarə etdiyi avtomobildən (avtomobilin sahibi Strekalindir) narkotik maddə tapıldığı üçün onun barəsində də cinayət işi açılıb və bu iş üzrə istintaq gedir. Rəsulov ilkin istintaqa verdiyi və telekanallarda nümayiş etdirilən ifadələrini təsdiqlədikdən sonra sualları cavablandırmağa başladı. Sualları cavablandırarkən Rəsulov bir neçə ziddiyyətli ifadələr vermiş oldu. Belə ki, hadisə zamanı havanın qaranlıq olduğunu və maşının içərisində işıqların yanmadığını deyən şahid Strekalinlə mübahisə edən şəxsin qarabuğdayı olduğunu və uzun saçlarının olduğunu qeyd etdi. Eyni zamanda həmin şəxsin qarabuğdayı və uzun saç olduğunu iddia edən Rəsulov Xəlili üzdən tanımadığını bildirdi.
Hakim növbəti prosesi 11 iyul saat 11.00-a təyin etdi və prosesin şahidlərin dindirilməsi və yazılı sübutların araşdırılması ilə davam etdiriləcəyini bildirdi.   
Foto şəkillər üçün bax:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,73/

Previous Post

MAHAL İSMAYILOĞLU BU AXŞAM POLİSDƏ OLACAQ

Next Post

DAXİLİ İŞLƏR NAZİRLİYİ SEVGİLADƏ QULİYEVANIN AXTARIŞDA OLDUĞUNU İNKAR EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.