Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə İsmayıllı hadisələri üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Eyni zamanda bu prosesdə hakim “REAL” Hərəkatının sədri İlqar Məmmədovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev və Xalid Bağırov barəsində Vəkillər Kollegiyasına müraciət edilməsi barədə qərar çıxarıb. Məhkəmə qərarında bildirib ki, müdafiə tərəfi çıxışlarında ifadələri təhrif ediblər, məhkəmə proseslərində iştirak etməyiblər və ehtimal varki onlar apellyasiya şikayəti zamanı da təhrif olunmuş ifadələrdən istifadə etsinlər.
Bu arada, məhkəməni izləmiş beynəlxalq müşahidəçilər ifadələrdə və prosesin özündə bir sıra pozuntular qeydə alıblar ki, bütün bunlar da seçki dövrü ilə üst-üstə düşən uzun müddətli məhkəməyə qədər həbslə birlikdə hökm və cəzanın siyasi motivli olmasına işarə edir.
Vəkil Fuad Ağayev Facebook səhifəsində qərarla bağlı yaydığı məlumatda bildirib ki, məhkəmədə iştirak edə bilməsə də bu qərar barədə ona məlumat verilib. “Mənim müdafiə nitqim internet şəbəkəsində var və mən orada bu hakimin proses boyu yol verdiyi pozuntuların tam olmayan siyahısını vermişəm. Hakim prosesin əvvəlindən mənim planşetim daxil olmaqla, hər hansı texniki vasitədən istifadəni qadağan etdi. R.Hüseynovun hərəkətlərinə etiraz etmək istədikdə, o tez-tez hətta bunu da qadağan edirdi. Biz hakimin bu hərəkətləri ilə bağlı Məhkəmə-Hüquq Şurasına, onun barəsində intizam icraatı başlamaq səlahiyyəti olan Ədliyyə Nazirinə müraciət edəcəyik. R.Hüseynov kimilərə imkan verməməliyik ki, ədalət mühakiməsinə və onun özbaşınalıqlarına göz yummayanlara meydan oxusun”,-deyə Ağayev bildirib.
Vəkil Xalid Bağırov isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, hakim 18 nəfər əvəzinə 20 nəfər barəsində qərar çıxarıb.
“Mən və Fuad Ağayev İlqar Məmmədovun hüquqlarını müdafiə edirdik. Hakim Rəşid Hüseynov onun işə baxmasına irad tutmağımızından qəzəblənərək bizdən məhkəməyə kobudluq və ifadələri təhrif etmə iddiası ilə Vəkillər Kollegiyasına şikayət etməklə İlqar Məmmədovun apelyasiya şikayəti veriləcək bir zamanda bizi bu prosesdən kənarda qoymağa çalışır”, -deyə Bağırov qeyd edib.