ƏDLİYYƏ NAZİRLİYİ “REGİONLARDA İNSAN HÜQUQLARININ MONİTORİNQİ” İB QEYDİYYATA ALMAQDAN İMTİNA EDİB

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  “Regionlarda İnsan Hüquqlarının Monitorinqi” ictimai birliyinin  dövlət qeydiyyatına  alınması ilə bağlı göndərdiyi sənədləri geri qaytarıb.

Qeydiyyat üçün sənədlər göndərilərkən dövlət rüsumunun ödənilməsi haqda qəbz sənədlərin içərisinə qoyulmasına baxmayaraq, nazirlik  ictimai birliyin qeydiyyata alınmamasının və sənədlərin geri qaytarılmasının səbəbi kimi 11 manat dövlət rüsumunun ödənilməməsini göstərib. Məlumatı bu gün (15 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın sədri Elman Abbasov bildirib. “Biz bütün sənədləri qanuna uyğun hazırlamışıq və dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi də sənədlərin üzərinə tikərək Ədliyyə Nazirliyinə göndərmişik. Nazirlik ictimai birliyi qeydiyyata almamaq üçün həmin qəbizi yox edib. Halbuki biz həmin qəbzin surətini çıxararaq özümüzdə saxlamışıq” – E.Abbasov deyib.

 

Təşkilatın sədri onu da bildirib ki, nazirlikdən cavab təşkilatın Bakı şəhərində yerləşdiyi hüquqi ünvana yox, E.Abbasovun Naxçıvanda pasport qeydiyyatında olduğu ünvana göndərilib. Həmçinin ictimai birliyin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə 01.07. 2010-cu ildə baxılmasına baxmayaraq, həmin gündən 15 gün sonra sənədlər E. Abbasovun ünvanına çatdırılıb. “Bu onu göstərir ki nazirlik təşkilatı qeydiyyata almamaq üçün bəhanələr axtarır və vaxtı yubatmağa çalışır” – deyə Abbasov qeyd edib.  

 

Xatırladaq ki, “Regionlarda İnsan Hüquqlarının Monitorinqi” ictimai birliyi bu ilin may ayında təsis edilib və dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə göndərilib.

 

Previous Post

AZƏRBAYCANDAKI DAŞQIN MÖVZUSU BEYNƏLXALQ QURUMLARLA MÜZAKİRƏ OLUNUB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.