HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (15 iyul) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov

və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi.

 

Prosesdə cavabdeh Vidadi İsgəndərov və iddiaçıların vəkili Əlirza Həbilov iştirak edirdilər.

 

Prosesdə çıxış edən V.İsgəndərov bildirdi ki, iddiaçıların özlərinə böhtan kimi qəbul etdikləri fikirləri, hüquqları pozulmuş Göyçay rayon sakinləri keçirdikləri mətbuat konfransında səsləndiriblər. “İddia ərizəsində də həmin fikirlərin Göyçay sakini Qüdrət Zülfüqarovun dediyi qeyd olunsa da iddia mənə qarşı qaldırılıb. İddiada mənim dediyim bir neçə fikir var ki, o fikirləri də mən sakinlərin dediklərinə əsasən söyləmişəm” – deyən V.İsgəndərov iddianın əsassız olduğunu vurğuladı. O daha sonra qeyd etdi ki, həmin mətbuat konfransından sonra onun Göyçaydakı ata evinə basqın olub. V.İsgəndərov bu basqının xüsusi ittihamçı Vüqar Məmmədyarov tərəfindən təşkil edildiyini və məsələ ilə əlaqədar Daxili İşlər naziri ilə görüşdüyünü deyərək, nazir Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim bildirdi ki, baxılan işlə əlaqəsi olmadığına görə, belə bir vəsatət verilə bilməz.

 

Daha sonra cavabdeh xüsusi ittihamçıların nümayəndəsinə suallar verdi. Evinə basqın olunması ilə bağlı sual verən zaman V.İsgəndərov yenidən Baş prokuror və daxili işlər nazirinin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətini təkrar etdi. Vəsatəti qəbul etmədiyinə görə, hakimlə cavabdeh arasında mübahisə yarandı. V.İsgəndərov  hakimin xüsusi ittihamçılara maraqlarına uyğun çıxış etdiyini və prosesdən əvvəl onu həbs edəcəyi ilə hədələdiyini deyərək, məhkəmə tərkibinə etiraz etdiyini bildirdi. Hakim X.Tağıyev V.İsgəndərovun böhtan atdığını dedi və yazılı təqdim edilmədiyi üçün etirazın qəbul olunmadığını bildirərək, növbəti prosesi 26 iyul saat 15.30-a təyin etdi.

 

Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət yol polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.

 

Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

 

Previous Post

ƏDLİYYƏ NAZİRLİYİ “REGİONLARDA İNSAN HÜQUQLARININ MONİTORİNQİ” İB QEYDİYYATA ALMAQDAN İMTİNA EDİB

Next Post

CƏLAL ƏLİYEVİN “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.