MƏHKƏMƏ PROSESİNDƏ ƏDLİYYƏ NAZİRLİYİNİN TİBB XİDMƏTİNİN NÜMAYƏNDƏSİ ÇIXIŞ EDİB

Bu gün (22 oktyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-Sədo “ qəzetinin baş redaktoru  Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin nümayəndəsi Şahin Həbibov çıxış edərək bildirib ki, Novruzəli Məmmədovun tibb müəssisəsində saxlanma şəraitinin pis olması ilə bağlı səslənən fikirlərlə razı deyil. O, qeyd edib ki, N.Məmmədov normal müayinə və müalicə olunub və ona bütün şərait yaradılıb.   Ş.Həbibov vurğulayıb ki, Novruzəli Məmmədov xəstəxanaya daxil olarkən ona qoyulmuş diaqnozlardan deyil, qəflətən baş verən beyin damarlarının daralmasından dünyasını dəyişib.
Növbəti proses 23 oktyabr saat 16.00-a təyin edilib.
Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

AXCP GK-in etiraz aksiyası

Next Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ ÇİNGİZ ƏSGƏROVU MƏHKƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.