ƏDLİYYƏ NAZİRLİYİ İKİ QHT TƏRƏFİNDƏN MƏHKƏMƏYƏ VERİLİB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) ictimai birliyi və Regional Əməkdaşlıq və İcmaların İnkişafı Mərkəzi (RƏİİM) ictimai birliyi Ədliyyə Nazirliyini məhkəməyə verib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hər iki QHT-nin hüquqlarını müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev verdi. Onun sözlərinə görə, SMDTM ictimai birliyi 26 yanvar 2009-cu ildə,  RƏİİM ictimai birliyi isə 11 avqust 2008-ci il tarixdə təsis sənədlərini təşkilatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə göndərilib.
İ.Əliyev Nazirliyin Hüquqi Şəxslərin Qeydiyyat və notariat baş idarəsindən 12 mart 2009-cu il tarixdə ərizəçilərə sənədlərə baxılma müddətinin 30 gün artırıldığını və  29.04.2009-cu il tarixli məktubla təşkilatın təsis sənədlərinin icra olunmadan geri qaytarıldığını bildirdi.
İ.Əliyev SMDTM ictimai birliyinin qeydiyyatından imtina üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunun 5.4-cü maddəsinə görə protokol deyil, qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar təqdim olunması və nizamnamənin 1.4-cü bəndində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun adının düzgün qeyd olunmaması iradlarının irəli sürüldüyünü bildirdi.
 İ.Əliyev nazirliyin  3 dəfə RƏİİM ictimai birliyinin isə təsis sənədlərini hər dəfə yeni-yeni “çatışmazlıqlar” aşkar etməklə geri qaytarıldığını bildirdi.
Məsələ ilə əlaqədar olaraq SMDTM ictimai birliyinin sədri Anar Məmmədli ilə əlaqə saxladıq.
"Biz təşkilatımızın qeydiyyata alınmamasını qərəzli hesab edirik və göstərilən iradlar əsas sayıla bilməz, çünki bizim sənədlərimizdə hüquqi pozuntu yoxdur" deyən A.Məmmədli həmçinin iddia ərizəsini dünən (14 may) Yasamal rayn məhkəməsinə təqdim etdiklərini də bildirdi.
Sədr iddia ərizəsində yerli qanunvericilik və Avropa konvensiyasının 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozulduğunu göstərdiklərini və Ədliyyə Nazirliyinin qərarının əsassız hesab edilməsini və vətəndaşların birləşmək hüququnu pozan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etdiklərini bildirdi.
Məsələ ilə əlaqədar münasibət öyrənmək üçün Ədliyyə Nazirliyinin mətbuat xidmətinə dəfələrlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.
Previous Post

ELAN!

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.