“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib.
Qeyd edək ki, mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi də jurnalist Xədicə İsmayılovaya qarşı hədələri pisləyib. “Azadlıq” radiosunun məlumatına görə, qurumun Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Oqnyanova etirazını belə ifadə edib: “Biz həmkarımız Xədicə İsmayılovanı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. Xədicə İsmayılova Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar”.
Xatırladaq ki, martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Şantajçılar jurnalistin özünü yığışdırmayacağı təqdirdə onun rüsvay olacağını yazırlar. Bu barədə X.İsmayılova özünun facebook səhifəsində yerləşdirdiyi bəyanatda bildirilir.