“Xalq Cəbhəsi” qəzeti yerləşdiyi Binəqədi rayon İ. Dadaşov küçəsi 70 A ünvanından çıxarılır.
Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Elçin Firuzbəyli verib.
Onun sözlərinə görə, redaksiya 6 ildir ki, hazırkı binada yerləşir və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə imzalanmış icarə müqaviləsi iyun ayının 19-da bitir:
“Guya bina Su Təsərrüfatı və Meliorasiya İdarəsinin balansındadır və idarə binada təmir işlərinin aparacaq. Bunu əsas gətirərək Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bizimlə icarə müqaviləsini uzatmaq istəmir və qəzet redaksiya binasını bir ay müddətinə boşaltmağı tələb edir”, – deyə qeyd edən E. Firuzbəylinin sözlərinə görə, hələ ki, onlara bu barədə şifahi xəbərdarlıq edilib və redaksiyaya alternativ yer də təklif olunmayıb.