“Azərbaycanda idman kanalının açılması ilə bağlı aprelin 21-də elan olunmuş müsabiqəyə iddiaçı kimi yalnız “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti rəsmi şəkildə müraciət edib”.
Bunu RATI-yə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədri dövlət büdcəsindən maliyyələşən AzTV-nin yeni açılacaq idman kanalını almasını da qanuni hesab edir:
“Azərbaycan Televiziya və Radio Verilişləri” artıq iki ilə yaxındır ki, dövlət şirkətindən Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Belə olduğu halda AzTV-nin idman kanalını almasında heç bir problem yoxdur”, – deyə vurğulayan şura sədri habelə əlavə etdi ki, yaxın gələcəkdə AzTV-nin səhmləri də satışa çıxarılacaq.
Qeyd edək ki, son iki ildə AzTV Qapalı Səhmdar Cəmiyyət olaraq dövlət büdcəsindən maliyələşdirilir. Cari ilə dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 25 milyon dollardan artıq vəsait ayrılıb.