“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARI BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə “mediaforum” xəbər saytı məlumat yayıb.

 Məlumatda bildirilir ki, aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər. Həmçinin vəkil “Xəyal” televiziyasının baş redaktoru  Zaur Quliyevin səhhətində problemlərin olduğunu və mədəsində xora olduğunu deyib:

“Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Zaur Quliyev təxirə salınmadan müalicə olunmalıdır”.    

 Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində  2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Habelə onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin Sadıqovdan imtina edib.

 

Previous Post

MİRZAĞA ƏLİYEV KÜÇƏSİ 201 44 ÜNVANINDAKI BİNANI BİR GECƏDƏ SÖKDÜLƏR

Next Post

SABİRABADDA HƏBS EDİLƏN OQTAY GÜLALIYEV POLİSDƏ İŞGƏNCƏYƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.