XƏYAL TV-NİN İCRAÇI DİREKTORU İTTİHAMI RƏDD EDİR

quba 2Yanvarın 14, 15 və 16-da Xaçmaz rayon məhkəməsində hakim Anar İbrahimovun sədrliyi 2012-ci il martın 1-də Qubada baş vermiş iğtişaşlara görə həbs edilmiş “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Keçmiş icra başçısı Rauf Həbibovun çıxışının montaj olunmadığını deyən V. Qonaqov həmin videonun youtube-a DJ Mustafa istifadəçi adı ilə yerləşdirildiyini bildirib. O, 9 aydır qanunsuz olaraq həbsdə saxlanıldığını deyib. V.Qonaqov həmin çıxışın “Xəyal” TV-nin operatoru Əliməmməd Əliməmmədov tərəfindən lentə alındığını, lakin icra hakimiyyətindən verilən göstərişə əsasən efirə getmədiyini bildirib.

Məhkəmədə şahid qismində ifadə verən Xəyal Məmmədov və Sahib Bağırov Qonaqovun ifadəsini təsdiqləyərək həmin videonun 2012-ci ilin fevralında Mustafa Nurullayev tərəfindən internetdə “Dj Mustafa” istifadəçi adı ilə yayıldığını bildirib.

Yanvarın 15-də keçirilən prosesdə də şahid ifadələri dinlənilib. Quba rayonun Alpan bələdiyyəsinin sədri Seyfi Qubatov ibtidai istintaqa verdiyi ifadəsində Rauf Həbibovun məlum çıxışını Elxan Əliyevlə Vüqar Qonaqovun montaj edərək internetə yerləşdirdiyini deməsini belə izah edib: “mən bunu camaatdan eşitmişdim, Elxan Əliyevlə Vüqar Qonaqov həbs olunandan sonra camaat belə danışırdı”.

Proses yanvarın 29-u 10:30-da davam edəcək.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Jurnalistlərə qarşı 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

RATİ GƏNCLƏRİN MEDİA MƏRKƏZİ LAYİHƏSİ ÜZRƏ QALİBLƏRİ MÜKAFATLANDIRIB

Next Post

ƏVƏZ ZEYNALLI VƏSATƏTLƏRİ TƏMİN EDİLMƏDİYİ ÜÇÜN PROSESDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.