“Gündəlik Bakı” qəzetinin baş redaktoru bıçaqlanıb

mart 16th, 2013

1cd34558b4d8

Martın 14-də “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyəvə hücum edilib. Jurnalist bu hücumun onun peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Belə ki, Yasamal Rayonu ərazisində “Mercedes” markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində “Gündəlik Bakı” qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.

“Martın 14-ü saat 00:40-da telefonuma zəng gəldi və məni görüşmək üçün yaşadığım evin yaxınlığında olan bir yerə dəvət etdilər. Əllərində tapança və bıçaq olan 10 nəfər şəxs mənim hansı qəzetin redaktoru olduğu bildikdən sonra mənə hücum etdilər. Sağ qulağıma və sol gicgahıma bıçaqla xəsarət yetirdilər. Mən bu zaman Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim və bundan sonra Yasamal Rayon 27-ci polis bölməsinin əməkdaşları hadisə baş verən yerə gəldilər. Məni xəstəxanaya apardılar və mənim izahatım nəticəsində araşdırma başlanıldı”,-deyə Vəliyev qeyd etdi.

H. Vəliyev ailə üzvlərinin və rəhbərlik etdiyi qəzetin əməkdaşlarının də oxşar hücuma məruz qalacağından narahat olduğunu bildirib.

Jurnalist hesab edir ki, onun bu hücuma məruz qalmasının səbəbi qəzetində insan alveri, əxlaqsızlıq yuvaları və ümumilikdə Azərbaycanda hökm sürən kriminal durumu ifşa edən silsilə məqalələrin dərc edilməsidir.

Vəliyev onu da əlavə etdi ki, Azərbaycanda hökm sürən kriminal durumun aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlərinə müraciət göndərib.