TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN İŞİNİ XƏZƏR RAYON POLİS İDARƏSİ ARAŞDIRIR

“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli yol” qəzetinin baş redaktorunun müavini Anar Gəraylının iyulun 28-də fiziki təzyiqə məruz qalması ilə bağlı işin araşdırılması  Xəzər rayon 1-ci polis bölməsindən alınaraq Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinə verilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə iyulun 29-da hadisə ilə bağlı aidiyyəti üzrə Xəzər rayon 1-ci polis bölməsinə ərizə ilə müraciət edib. “Polis bölməsindən mənə ekspertizadan keçmək üçün göndəriş verildi və baş nahiyəmdə və bədənimin müxtəlif yerlərində olan xəsarətlərlə bağlı ekspertizadan keçdim. Bu gün isə baş nahiyəmdə olan daxili xəsarətlərlə bağlı ekspertiza keçirildi və burnumda, başımda olan daxili zədələnmələr rentgen vasitəsilə yoxlanıldı” – deyən Elmin Bədəlov əlavə etdi ki, bu gün (02 avqust) Xəzər RPİ-də yenidən hadisə ilə bağlı izahat yazıb. O, əlavə etdi ki, məsələ ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun müraciətinə əsasən, Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb. “Ə.Amaşov bildirdi ki, R.Usubov məsələnin araşdırlacağını vurğulayıb. Bu görüşdən sonra iş araşdırılması üçün bölmədən idarəyə göndərilib” – deyə E.Bədəlov vurğuladı.

 

    Təzyiqə məruz qalmış digər jurnalist Anar Gəraylı da RATİ-yə bildirib ki, bu gün Xəzər RPİ-yə şikayət ərizəsi ilə müraciət edib və hadisə ilə bağlı izahat yazıb. O, əlavə etdi ki, aldığı xəsarətlərlə bağlı ekspertizadan da keçib.

 

    Xatırladaq ki, 28 iyulda Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən jurnalistlər E.Bədəlov və A.Gəraylı fiziki təzyiqə məruz qalıblar, “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər. 3 saata yaxın saxladıqdan sonra fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındıraraq, jurnalistləri sərbəst buraxıblar.

 

Previous Post

MTRŞ YENİ MƏDƏNİYYƏT KANALI İLƏ BAĞLI MÜSABİQƏ ELAN EDİB

Next Post

“AZADLIQ” QƏZETİNİN KOLLEKTİVİNİ “AZƏRBAYCAN” NƏŞRİYYATINA BURAXMAYIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.