Mayın 24-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ölkədə söz və ifadə azadlığının boğulmasına etiraz əlaməti olaraq, mitinq keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Bu barədə bu gün (25 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.
“Xural” qəzeti olaraq 2002-ci ildən – 9 ildir ki, fəaliyyət göstəririk. Bu illər ərzində “Xural” qəzeti nə az, nə çox – düz 29 dəfə məhkəmə çəkişməsi ilə üzləşib və onların əksəriyyətindən uğurla çıxıb. Ədalətsiz məhkəmə cərimələri, kəsilən maliyyə sanksiyaları, qoyulan digər məhdudiyyətlər bizi yolumuzdan döndərə bilməyib. Bu gün də ədalətsiz məhkəmə orqanlarının kəsdiyi haqsız maliyyə sanksiyaları bizi taqətdən salmaqdadır. Buna görə də konstitusion hüququmuzdan istifadə edərək, iyun ayının 19-da, həftənin bazar günündə, saat 19.00-20.00 saatlarında “Azadlıq” meydanında mitinq keçirəcəyik”, – deyə qeyd edən Əvəz Zeynallı sonda bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətdə alternativ mitinq meydanları kimi Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı və Sahil bağını da göstəriblər.