ALİ MƏHKƏMƏ DƏ RADİO LİSENZİYASI İLƏ BAĞLI VERİLƏN ŞİKAYƏTİ TƏMİN ETMƏDİ

        Mayın 25-də Ali Məhkəmədə hakim Şahmurad Hidayevin sədrliyi ilə 25 noyabr 2010-cu il tarixində elan edilmiş 103.3 FM tezliyi üzrə  radio yayımı  müsabiqəsində iştirak etmiş “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Emin Hüseynov, Mehman  Əliyev və  digər iddiaçı Rəsul Cəfərovun Milli Televiziya və  Radio Şurasına qarşı bir icraatda birləşdirilmiş iddiaları üzrə 28 mart 2011-ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti”-nin  təsisçiləri Emin Hüseynov, Mehman Əliyev və onların nümayəndəsi Günay İsmayılova, digər iddiaçı Rəsul Cəfərov və  iddiaçıların vəkili Elçin Sadıqov iştirak edirdi.

            İddiaçıların vəkili Elçin Sadıqov  lisenziyanın “Golden Prince” MMC-yə verilməsinin qanunsuz olduğunu və buna görə də kassasiya şikayətinin təmin edilməsini hakimdən xahiş etdi.

Rəsul Cəfərov isə bildirdi ki, lisenziya verilərkən Milli Televiziya və Radio Şurası  tərəfindən müəyyən qanun pozuntularına yol verilib və buna görə də o kassasiya şikayətinin təmin edilməsini xahiş edib.

“Obyektiv-Televiziya və Radio Yayım Şirkəti”nin   nümayəndəsi Günay İsmayılova isə bildirdi ki, lisenziya verilərkən pozulan hüquq normaları Apellyasiya məhkəməsi tərəfindən də nəzərə alınmayıb və kassasiya şikayəti üzrə qərar çıxarılarkən bunları da nəzərə almağı hakimdən xahiş edib.

            “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti” MMC-in  təsisçisi Emin Hüseynov  bildirdi ki, lisenziya verilərkən onlara qarşı ayrı-seçkilik edilib, eyni zamanda lisenziya qanunsuz olaraq “Golden Prince” MMC-yə verilib.

            Digər təsisçi Mehman Əliyev isə bildirdi ki,  media sahəsində kifayət qədər işlər görmüş şəxslər kimi təcrübələri olsa da,   lisenziyanın kadr tərkibi və  gördüyü işlər baxımından da daha təcrübəsiz olan  “Golden Prince”ə verilməsi qanunsuzdur.

Müşavirədən qayıdan hakim kassasiya şikayətinin təmin edilmədiyini bildirdi.

            Xatırladaq ki, Milli Televiziya və Radio Şurası  noyabrın 25-dən dekabrın 25-ə kimi 103.3 FM tezliyi üzrə radio yayımı üçün müsabiqə elan etmişdi. Müsabiqədə üç iddiaçı “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti”, “Golden Prince ” MMC və  fiziki şəxs Rəsul Cəfərov iştirak edib. Müsabiqənin qalibi isə “Golden Prince” MMC elan edilib. Müsabiqədə iştirak edən digər iddiaçılar qanunun tələbinə əsasən apellyasiya məhkəməsinə müraciət edib.

            Qeyd edək ki, 2009-cu ilə qədər 103.3 tezliyində BBC radiostansiyası yayımlanırdı. Lakin 2010-cu il yanvarın 1-dən hökumət BBC-nin və eyni zamanda «Amerikanın səsi» və «Azadlıq» radiolarının yerli tezliklərdə yayımını dayandırıb.

 

Previous Post

“XURAL” QƏZETİ MİTİNQ BARƏDƏ QƏRAR VERDİ

Next Post

MUXTAR RESPUBLİKADAKI DURUMLA BAĞLI HESABAT AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.