“XURAL” QƏZETİNİN NOYABRIN 1-DƏN SONRA DƏRC OLUNACAĞI GÖZLƏNİLİR

“Xural” qəzeti noyabrın 1-dən fəaliyyətini bərpa edə bilər. Bu barədə bu gün (27 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Baş redaktorun sözlərinə görə, qəzetin dərc olunmamağının yeganə səbəbi   mətbəə problemi ilə bağlıdır: “Redaksiya rəhbərliyi olaraq, çalışırıq ki mətbəə problemini həll edək və gələn həftədən nəşrimizi bərpa edək. Bir neçə mətbəə ilə danışıqlarımız gedir, müəyyən anlaşmalara  da gəlmişik, ancaq hələ müqavilə bağlanmayıb”, – deyə Əvəz Zeynallı bildirdi.

Qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  

Xatırladaq ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib.  Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər. Bir gün sonra isə mətbəə də qəzetin çap edilməsindən  imtina edib.

“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur.

Previous Post

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İMİTASİYASI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.