Bu gün “Xural” qəzeti redaksiyasının əmlakına Nərimanov rayon məhkəmə icraçıları yenidən baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar da siyahıya alınıb.
Məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək, kompüterləri siyahıya alıblar. Əvəz Zeynallı, hüquq müdafiəçisi, RATİ-nin sədri Emin Hüseynov, saytın rəhbəri Əfqan Muxtarlı buna etiraz etsələr də, icraçılar etirazlara məhəl qoymayıblar. Əfqan Muxtarlı baş verənlərin qanunsuzluq olduğunu, bununla bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb. İcraçılar bildiriblər ki, burada heç bir siyasi məna axtarmağa dəyməz, onlar vəzifə borclarını yerinə yetrirlər.
Məsələ ilə bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən media nümayəndələri baş verənləri pisləyiblər. “Yeni müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu məsələni mətbuata və azad sözə qarşı növbəti təzyiq faktı kimi dəyərləndirib. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, bu məsələni sabah ATƏT-in Gürcüstanda keçiriləcək toplantısında qaldıracaq. O, durumun Redaktorlar Birliyində müzakirə olunacağını da deyib.
Qeyd edək ki, məhkəmə icraçıları səhər saat 10.00-dan 16.00-a qədər redaksiyada olublar. Onlar getsələr də, daha sonra saat 18 radələrində yenidən geri dönüblər və redaksiya məxsus bütün avadanlıqları “Qazel” markalı yük avtomobilin banında qablaşdırılmadan aparıblar. Proses saat 21.30-a qədər davam edib.
“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur.