“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİ VƏSATƏT QALDIRIB

yanvar 30th, 2009
Bu gün (30 yanvar) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsi 221.2  (xuliqanlıq) maddəsi ilə aparılmış cinayət işinə əsasən, "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğluna qarşı məhkəmə işi ilə bağlı  hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında M.Məsimoğlu cinayət işinin qeyri-obyektiv keçirildiyini bildirib. O qeyd edib ki, 2000-ci ildə "Babadağ" qəzetində "Şəmkir polisinin çörəyi daşdan çıxır" başlığı altında yazdığım altı tənqidi məqalənin heyfini almaq üçün, əvvəllər Şəmkir RPŞ-nin İstintaq bölməsi rəisi, indi isə Yasamal rayon Polis İdarəsi rəisi işləyən Möhübbət Hüseynov bu cinayət işinin qərəzli aparılmasına göstəriş verib. "Bütün bu şəxsi-qərəzlikləri nəzərə alaraq məhkəmədən xahiş edirəm ki, cinayət işi araşdırmaq üçün prokuror nəzarəti altında ilkin istintaqa qaytarılsın. Ancaq bu işə Yasamal rayonunda deyil, başqa rayonda baxılmasını istədiyimi bildirdim" – Mübariz Məsimoğlu RATİ-yə verdiyi məlumatda bildirdi.
Hakim Mətanət Hacıyeva vəsatətə cavab verilməsini 4 fevral saat 15:00-a təyin etdi və bildirdi ki, işdə olan məsələlər araşdırılacaq və ondan sonra işin ibtidai istintaqa qaytarılıb–qaytarılmaması barədə qərar  qəbul edəcək.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə Məleykə Əsədova və Emil Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində  Mübariz Məsimoğluna qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi qaldırılıb. Mübariz Məsimoğlu isə Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun sifarişi əsasında qaldırıldığını iddia edir  və istintaqın nə vaxt aparılmasından və işin məhkəməyə göndərilməsindən xəbərsiz olduğunu bildirir.