“YENİ MÜSAVAT”IN ƏMƏKDAŞINA QARŞI XÜSUSİ İTTİHAM RƏDD EDİLDİ

Bu gün (30 yanvar) Binəqədi rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə Dəvəçi rayon Polis Şöbəsinin (PŞ) rəis müavini Məmmədmusa Hüseynovun  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir)  maddələri ilə xüsusi ittiham qaydasında "Yeni Müsavat" qəzetinin əməkdaşları Səbuhi Məmmədli və Ervin Mirzəyə qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirildi.

İclasda iddiaçı Məmmədmusa Hüseynov, cavabdeh Səbuhi Məmmədli və cavabdehin vəkili Elçin Sadıqov iştirak edirdi.
İddiaçı M.Hüseynov çıxış edərək bildirdi ki, Dəvəçi rayonunun Dağbilici kənd sakinləri – azyaşlı Məcidova bacıları itkin düşəndən bəri "Yeni Müsavat" qəzetində mənim ünvanıma yalan və şərəf və ləyaqətimi ləkələyən məqalələr dərc ediblər. "Yeni Müsavat" qəzetinin müxbiri Səbuhi Məmmədli və Ervin Mirzə haqqında CM-in 147.1 maddəsi ilə cinayət işi başlayaraq cinayət məsuliyyətinə cəlb olunmalarını  və mənə vurulmuş mənəvi ziyanın müqabilində 100.000 manat ödəmələri ilə bağlı hökm çıxarılmasını hakimdən xahiş etdi.
Cavabdehin vəkili Ervin Mirzə imzasının da Səbuhi Məmmədlinin təxəllüsü olmasını vurğulayaraq bildirdi ki,  Səbuhi Məmmədli məqaləni öz təxəyyülü ilə deyil, "Bizim yol" qəzetinə və itkin düşmüş bacıların valideynlərinə istinadən yazıb.  Bu səbəbdən də, vəkil məhkəmə baxışı keçirilmədən prosesdən imtina edilməsi barədə vəsatət qaldırdı.
Hakim Natiq Abbasov cavabdeh tərəfin vəsatətini qəbul etdi və işi icraata götürməkdən imtina etdi.
Xatırladaq ki "Yeni Müsavat" qəzetinin  16 noyabr 2008-ci il buraxılışında "Məcidova bacılarını polis rəisinin müavini oğurlatdırıb" və 20 noyabr 2008-ci il tarixli   buraxılışında "Dəvəçinin sabiq polis rəisi müavini ev dustağı edilib" başlıqlı məqalələrində Məmmədmusa Hüseynov özünün şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, məhkəməyə müraciət etmişdi.
Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİ VƏSATƏT QALDIRIB

Next Post

RADİOTEZLİKLƏR İDARƏSİ “SİMURQ-M” TV-Nİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.