“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB

may 8th, 2009
“Korrupsiya və cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu Mətbuat Şurasını məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun özü məlumat verib: “Bir müddət öncə Mətbuat Şurası“ “reket qəzetlər” siyahısını açıqlayarkən, iki nəfər böhtançının müraciətinə əsasən,  “Korrupsiya və Cəmiyyət” jurnalını da bu siyahıya daxil edib. 5 dəfə yazılı və Mətbuat Şurasına müraciət edərək, bu siyahını hazırlayan komissiya ilə görüşüb məsələni aydınlaşdırmaq istəsəm də, müraciətlərimə cavab verilməyib” – deyən M.Əhmədoğlu bildirdi ki,  bu səbəbdən Binəqədi rayon məhkəməsinə müraciət edərək, Mətbuat Şurasının təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə 100.000 (yüz min) manat istəyib.
“Həmçinin “Korrupsiya və Cəmiyyət” jurnalının “reket”çilik fəaliyyəti ilə məşğul olması barədə Mətbuat Şurasına müraciət etmiş hər iki şəxs – Ağakərim Əliyev barəsində Suraxanı rayon məhkəməsində və Əhmədimuxtar Əhmədov barəsində Şəki şəhər məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırmışam” –deyən  baş redaktor vurğuladı ki, bu şəxslər ona böhtan atdıqları üçün  Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını məhkəmədən xahiş edib.
Məsələ ilə əlaqədar Mətbuat Şurası katibliyinin rəhbəri Rəhim Hüseynzadə RATİ-yə məhkəmə iddiasından xəbərsiz olduqlarını bildirib: “Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Ancaq Mətbuat Şurasının “Korrupsiya və cəmiyyət” jurnalı ilə qərarını haqlı hesab edirəm. Şura mətbu qanunsuzluqlarla bağlı inzibati deyil, ictimai qınaq vasitəsilə mətbuatda tənzimləmələr aparır” – deyən R.Hüseynzadə əlavə etdi ki, Korrupsiya və cəmiyyət” jurnalı ilə bağlı şuraya edilmiş müraciətləri komissiya araşdırmış və jurnalı “reket“ siyahısına daxil etmişdir.