“FANAT. AZ” SAYTINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

iyul 31st, 2009
Bu gün (31 iyul) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun FANAT.AZ idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.

İclasda “Fanat.az” saytının vəkili Xalid Bağırov iddiaya etiraz edərək, rədd olunmasını xahiş etdi. Xüsusi ittihamçının vəkili Məzahir Niftəliyev isə iddianı müdafiə etdiklərini və icraata götürülməsini istədi.
Hakim müşavirədən qayıtdıqdan sonra xüsusi ittiham qaydasında iddianın icraata götürüldüyünü və işə mahiyyəti üzrə baxılması üçün prosesin 7 avqust saat 15.00-a təyin edildiyini elan etdi.

Xatırladaq ki,  Mais Məsimov Natiq Muxtarlının FANAT.AZidman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.