“FANAT.AZ” SAYTINA QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

iyul 9th, 2009
Bu gün (9 iyul) Nərimanov rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.

  Məhkəmə  hazırlıq iclasında cavabdeh tərəfdən “FANAT.AZ”  saytının layihə rəhbəri  Zahir Əzəmət,  idman yazarı Natiq Muxtarlı və vəkil Xalid Bağırov, iddiaçı qismində Mais Məsimovun səlahiyyətli nümayəndəsi, “Palmali Şirkətlər Qrupu”-nun vəkili Məzahir Niftəliyev iştirak edirdi.
  İddiaçının vəkili üzr istəniləcəyi təqdirdə iddianı geri götürəcəklərini bildirdi.
  Cavabdehlərin vəkili X.Bağırov bildirdi ki, saytın hüquqi ünvanının Nəsimi rayonunda olduğu və işin bu rayonun məhkəməsinə göndərilməsi ilə bağlı vəsatətlə çıxış etdi.

  Qısa müşavirədən sonra hakim V. Məmmədov vəsatətin təmin edilməsi və işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərarı elan etdi.
  Xatırladaq ki, Mais Məsimov “FANAT.AZ” idman saytında yerləşdirilmiş Natiq Muxtarlının köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək məhkəməyə müraciət edib.