KABEL TELEVİZİYASI İLƏ YAYIMLANAN BƏZİ KANALLAR QADAĞAN OLUNA BİLƏR

Milli Televiziya və Radio Şurası kabel televiziyaları ilə bağlı qaydalar hazırlayır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin köməkçisi Toğrul Məmmədov məlumat verib. Onun sözlərinə görə qaydalar Şuranın gələn həftə keçiriləcək iclasında qəbul olunacaq: “İndiyədək kabel televiziyaları ilə bağlı ümumi mexanizmlər olsa da, normativ sənədlər yox idi. Qəbul ediləcək qaydalar kabel televiziyalarının fəaliyyətini tənzimləyəcək”.

Qeyd edək ki, MTRŞ sədri N.Məhərrəmli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanla bağlı xüsusi siyasət həyata keçirə bilən kanallar olarsa, o kanalların yayımına Azərbaycanda icazə verə bilmərik. “Mövcud qanunvericiliyə görə, Azərbaycanda kabel şəbəkəsi öz proqramlarını MTRŞ ilə razılaşdırmalıdır. Onlar əvvəlcədən hansı kanalları yayımlamaq istəyirlərsə, bizə məlumat verirlər. Biz həmin kanallara razılıq verəndən sonra onlar həmin kanalı yayımlayırlar” – deyə N.Məhərrəmli vurğulayıb.
  Məsələ  ilə bağlı MTRŞ sədrinin köməkçisi T.Məmmədov RATİ-yə bildirdi ki, belə kanalların yayımına qadağa qoyulması senzura kimi qiymətləndirilməməlidir: “Azərbaycanla düşmənçilik mövqeyindən çıxış edən, yaxud da Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş – məsələn, pornoqrafik verilişlər yayımlayan kanalların yayımına qadağa qoyula bilər.”
Previous Post

“FANAT.AZ” SAYTINA QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Next Post

VİDEOKAMERALI QƏLƏMLƏRƏ QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.