GƏNC BLOQÇULARIN VƏKİLLƏRİNİN İDDİASI TƏMİN OLUNMADI

Bu gün (10 avqust) Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin vəkilləri Elton Quliyev və İsaxan Aşurovun Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər prokurorluğuna qarşı qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə qapalı keçirildiyindən media nümayəndələri, diplomatik korpusların nümayəndələri və müşahidəçi qismində iştirak edən digər şəxslər prosesə buraxılmadı.
 Prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən vəkil İsaxan Aşurov iddianın təmin olunmadığını bildirdi. Vəkil qeyd etdi ki, məhkəmənin ictimaiyyətin nəzarəti altında keçirilməsi ilə bağlı vəsatət qaldırdırsalar da, vəsatət təmin olunmayıb. “Prosesdə cavab verməli olan şəxslər – məlumatı yayan mətbuat xidmətlərinin rəhbərləri iştirak etmədilər. Yalnız işi aparan müstəntiq iştirak etsə də, o da suallara cavab verə bilmədi” – deyən İ.Aşurov vurğuladı ki, qərarı əldə etdikdən sonra Apelyasiya şikayəti verəcəklər.
İ.Aşurov həmçinin bildirdi ki,  Emin Milli və Adnan Hacızadə istintaqın saxtalaşdırıldığına etiraz edərək, istintaq hərəkətlərində iştirak etməkdən imtina ediblər.
Qeyd edək ki,  Baş Prokurorluq və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri 2009-cu il 11 və 14 iyul tarixlərində birgə yaydıqları məlumatlarda A.Hacızadə və E.Millinin təqsirli olduğunu bildirmişdilər. Bu məlumatlarda Adnan Hacızadə və Emin Millinin təqsirsizlik prezumpsiyasının pozulduğunu iddia edən vəkillər isə məhkəməyə müraciət etmişdilər.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,302/lang,az/

Video: http://www.irfs.az/content/blogcategory/15/31/lang,az/

 

Previous Post

Emin Milli və Adnan Hacizadənin vəkillərinin şikayəti üzrə məhkəmə prosesindən görüntülər

Next Post

QƏNİMƏT ZAHİD QIZININ ALİ MƏKTƏBƏ DAXİL OLMASINA SEVİNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.