VƏKİL İSAXAN AŞUROV HƏBSDƏ OLAN BLOQÇULARLA GÖRÜŞÜB

Vəkil İsaxan Aşurov aprelin 3-də həbsdə olan  gənc bloqçular Adnan Hacızadə və Emin Milli (Abdullayev) ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna ( RATİ) bu gün (05 aprel) vəkil İ. Aşurov məlumat verib.

Onun sözlərinə görə, gənc bloqçular səhhətlərindən və saxlanma şəraitlərindən narazılıq etməyiblər. Vəkil İ. Aşurov qeyd etdi ki, Apellyasiya məhkəməsinin 10 mart 2010–cu il tarixli qərarından Ali Məhkəməyə kassasiya şikayəti hazırlanır.
Əlavə edək ki, Avropanın Yaşıllar Partiyası Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə  həbsdə olan  gənc bloqçular Adnan Hacızadə və Emin Millinin (Abdullayev) həbs  məsələsinə  də toxunub. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
“Azərbaycanda insan haqlarının, xüsusilə də, müxalifətdən, müstəqil KİV və gənclər təşkilatlarından olanların hüquqlarının pozulması halları mövcuddur” – deyə qətnamədə bildirilir.
Qətnamədə gənclərin xuliqanlıq ittihamı ilə həbsinin  hakimiyyəti korrupsiyada ittiham edən video material hazırlamaqlarından az sonraya təsadüf etdiyi vurğulanıb və Azərbaycan hökumətini Adnan Hacızadə və Emin Millinin azadlığa buraxmağa  çağırılıb.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Previous Post

SƏYYARƏ HEYDƏROVA FİZİKİ TƏZYİQLƏ ÜZLƏŞDİYİNİ BİLDİRİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.