Vətəndaş Səyyarə Heydərova aprelin 2-də Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində fiziki təzyiqlə üzləşməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.
O qeyd edib ki, barəsində hökm çıxarılmış cinayət işində adı keçən traktorçunun şəxsiyyətini müəyyənləşdirmək üçün Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu ilə müraciət edərkən, Yusif adlı rəis müavini onu pilləkəndən aşağı itələyib. S. Heydərova baş verən hadisə zamanı möhkəm əzildiyini və bununla bağlı Xətai rayon 36-cı polis bölməsinə müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bu barədə məlumatsız olduqlarını bildirdilər.
Xətai rayon 36-cı Polis Bölməsinin növbətçi hissəsinin özünü təqdim etməyən əməkdaşı da bu barədə məlumat açıqlamaqdan imtina etdi.
Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3 maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi 10 noyabrda Suraxanı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.