VƏKİLİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Oktyabrın 20-də vəkili Fariz Namazlı Kürdəxanı təcridxanasında saxlanılan “Millətim” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) ilə görüşüb. Bu barədə bu gün (22 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil F. Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, F. Novruzoğlu təcridxananın bəzi  əməkdaşlarının ona qarşı münasibətindən şikayətlənib: “Sentyabrın 24-də  2012-ci ildə səhər vaxtı onun təzyiqi qəfil aşağı düşüb, özünü pis hiss edib. Dəfələrlə tələb etməsinə baxmayaraq ona dərman verilməyib, yalnız müayinə edilib. Həkimin müalicə üçün yazdığı dərmanlar ona verilməyib.  Həmin zaman Təcridxananın rəisi Elxan Sadıxov məzuniyyətdə olduğundan F. Allahverdiyev ona öz şikayətlərini çatdıra bilməyib. O, həmçinin vəkilinə, yəni mənə və digər şəxslərə, ailəsinə, bəzi hüquq müdafiəçilərinə, Suraxanı rayon prokurorluğuna, ümumilikdə 32 ünvana məktublar yazıb onların göndərilməsini tələb edib, lakin həmin məktubların heç biri göndərilməyib və indiyə qədər Təcridxanada saxlanılır. F. Allahverdiyev həmçinin mənim mobil telefonumu təcridxana əməkdaşlarına verərək çağırılmağımı və ona qarşı baş verən haqsızlıqları diqqətimə çatdırmağı tələb etsə də, buna əhəmiyyət verilməyib. 19 oktyabr 2012-ci ildə Təcridxana rəisi məzuniyyətdən qayıtdıqdan sonra kənardan həkim kardioloq çağırtdırıb, F. Allahverdiyev müayinə edilib və ona dərmanlar verilib. Hazırda F. Allahverdiyevin vəziyyəti nisbətən yaxşıdır”, – deyə vəkil bildirib.
Xatırladaq ki,   məhkəmənin hökmü ilə  F.Novrozoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novrozoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyasi ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – güya F.Novrozoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına  qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F.Novrozoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.

Previous Post

POLİS MÜXALİFƏTİN AKSİYASINA İMKAN VERMƏDİ

Next Post

ANAR MƏMMƏDOV “AZADLIQ” QƏZETİNİN ONA 4 MİN MANAT CƏRİMƏNİ TƏCİLİ ÖDƏMƏSİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.