Əvəz Zeynallı hakimə açıq məktub yazıb

evez zeynalli

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxmış hakimlərə açıq məktub yazıb. Bu barədə bu gün (27 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat  verib.

 M. Zeynallı bildirib ki, məktub hakim Ramella Allahverdiyevaya göndərilib:

“Əvəz Zeynallı bu məktubda ədalət mühakiməsi sahəsindəki problemləri və hakimlərin insani, vicdani və mənəvi keyfiyyətlərdən uzaqlaşdıqlarını qeyd edib. O yazıb ki, hakimlər artıq təbəssümlərini də saxtalaşdırıblar”.

Məlahət Zeynallı məktubun tezliklə ölkə mətbuatına çıxarılacağını bildirib. Bundan başqa, o, Əvəz Zeynallının məhkəməyə verdiyi 103 səhifəlik ifadənin çapa hazırlandığını qeyd edib.

Onu da qeyd edək ki, Əvəz Zeynallı barədə çıxarılmış hökmdən apellyasiya şikayəti verilib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 12 mart 2013-cü il tarixində jurnalistin 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

BMT Ümumi Dövrü İcmalı öncəsi sessiyada RATİ sədri Emin Hüseynovun BMT-yə üzv dövlətlərə müraciəti

Next Post

Sosial mediaya nəzarət etmə cəhdləri hakimiyyət üçün düzgün mübarizə üsulu deyil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.