BMT Ümumi Dövrü İcmalı öncəsi sessiyada RATİ sədri Emin Hüseynovun BMT-yə üzv dövlətlərə müraciəti

Çərşənbə, 27 mart, 10:50-11:00, Cenevrə

Hamıya salam. Mənim adım Emin Hüseynovdur və mən Azərbaycanda ifadə azadlığını müdafiə təşkilatı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  sədriyəm.

Bu gün bu tədbirdə fəaliyyətlərinə hörmət etdiyim həmkarlarımla bir arada olmaq mənim üçün şərəfdir.

Mən ifadə azadlığı və insan hüquqlarının müdafiəsinə sadiqliyinə görə BMT əməkdaşlarına öz təşəkkürümü  bildirmək istəyirəm.

Bu gün bizim qarşımızda iki variant var. Bir variant ondan ibarətdir ki,  bir çox günlərdə və bir çox görüşlərdə olduğu kimi bu gün də  biz insan haqlarının əhəmiyyəti, onların qorunması və təşviqi üçün nələrin lazım olduğu barədə bir çox mühüm məqamları qeyd edə bilərik.

Biz ya həmişəki kimi işimizə davam edə bilərik, ya da hərəkətə keçə bilərik.

BMT-nin artıq hərəkətə keçməsi təqdirəlayiq haldır- biz hüquq müdafiəçilərinə dair son qətnaməni alqışlayırıq. İndi isə qarşıdan gələn Universal Dövrü İcmal (UDİ) ilə, biz fəaliyyətimizi daha da sürətləndirə bilərik.

Bu gün biz böyük problemlərlə üzləşirik, çünki son UDİ-dən bəri Azərbaycanda ifadə azadlığının durumu pisləşib. RATİ Azərbaycan üzrə UDİ-yə göndərilmiş QHT-lərin birgə təqdimatına böyük töhfə verib və bu gün mən diqqəti ifadə azadlığının sərt üsullarla məhdudlaşdırılması üzərində cəmləşdirmək istəyirəm.

Azərbaycan hökuməti UDİ-nin ilk mərhələsində qəbul etdiyi çoxsaylı tövsiyələri yerinə yetirməyib. Aşağıda qeyd edəcəyim məqamlar xüsusi narahatlıq doğurur:

  • Jurnalistlərin yaşamaq hüququnun qorunmaması
  • Jurnalistlərə qarşı zorakılığın cəzasız qalması
  • Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması
  • Siyasi motivli saxlanmalar və həbslər
  • İfadə azadlığının qanun vasitəsilə məhdudlaşdırılması
  • Media üzərində dövlət nəzarəti

Sadə dildə desək, müvafiq olaraq Polşa və İrlandiya tərəfindən irəli sürülmüş tövsiyə 15-ə – “ifadə azadlığı hüququnun tam həyata keçirilməsini təmin etmək məqsədilə səmərəli tədbirlər görmək” və ya “ifadə və media azadlıqlarına hörmət olunmasını təmin etmək üçün müvafiq addımları atmaq” – əməl etmək əvəzinə, Azərbaycan hökuməti ifadə azadlığının bütün formalarına sərt nəzarət tətbiq etmişdir.

Vaxtımızın məhdudluğunu nəzərə alaraq mən öz təqdimatımı beş mühüm məsələ ilə məhdudlaşdırmaq istəyirəm.

Birinci məsələ – Jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq böhranı

Hüquqları ciddi şəkildə pozulmuş jurnalistlər və media işçiləri üçün ədalətin bərpa olunması və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması getdikcə çox çətin, demək olar ki, qeyri-mümkün bir məsələyə çevrilir.

Norveç tərəfindən irəli sürülmüş tövsiyə 16-a gəlincə, “jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı cinayət və hüquq pozulması hallarını effektiv şəkildə araşdırmaq və cinayət işi açmaq” və cavabdehləri cəzalandırmaq əvəzinə Azərbaycan hökuməti jurnalistlər üçün qorxu mühitinə daha da əlverişli şərait yaratmış, tənqidi səsləri susdurmağa çalışan şəxslər üçün isə cəzasızlıq mühiti formalaşdırmışdır.

Ölümündən səkkiz il ötməsinə baxmayaraq hələ də tanınmış jurnalist Elmar Hüseynovun qatilləri məsuliyyətə cəlb olunmamışdır.

Hüseynovun qətlindən bu yana Azərbaycanda jurnalistlərə qarşı 200-dən çox hücumlar olub. Daha bir qətl də baş verib – 2011-ci ilin noyabrında görkəmli yazıçı və jurnalist Rafiq Tağı evinin yaxınlığında küçədə naməlum şəxslərin hücumuna məruz qalmış və yeddi bıçaq zərbəsi almışdı. Cərrahiyyə əməliyyatından sonra Tağının səhhəti yaxşılaşmağa doğru getsə də, jurnalist hücumdan dörd gün sonra, yerli media icmasının şübhəli hesab etdiyi bir şəraitdə vəfat etdi.

Jurnalistlərin amansız qətllərini həyata keçirən şəxslər azadlıqda olduğu müddətdə bütün jurnalistlər qorxu içində fəaliyyət göstərəcəklər.

Məsələ iki – Jurnalistlərin şəxsi həyatlarının toxunulmazlığı hüququnun pozulması

Jurnalistləri susdurmağın daha bir üsulu onların seksual xarakterli fotolarından və videolarından istifadə olunmasıdır. Məsələn, araşdırmaçı jurnalist Xədicə İsmayılova cinsi əlaqəsinin gizli kamera ilə lentə alındığı videonun internetdə yayılması ilə hədəfə alınmışdı. Həmin hadisədən bir il keçir, lakin Azərbaycan hökuməti hələ də İsmayılovanın şəxsi həyatına bu müdaxiləni ciddi araşdırmamış və heç kəs məsuliyyətə cəlb olunmamışdır.

Məsələ üç – İnformasiyaya çatımlılığın məhdudlaşdırılması

2005-ci ildə Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını[1] ratifikasiya etmiş, bununla da dövlət idarəçiliyində şəffaflığın artırılması üçün tədbirlər görmək öhdəliyini qəbul etmişdir

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına[2]  (AHT) üzv dövlətdir- 2012-ci ilin sentyabrında AHT üzrə milli fəaliyyət planı qəbul edilmişdir.

Bu kontekstdə öhdəliklərinə əməl etmək əvəzinə, Azərbaycan hökuməti “İnformasiya Əldə Etmək haqqında”, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı haqqında” və “Kommersiya Sirri haqqında” qanunlara bir sıra dəyişikliklər qəbul etmişdir

Bu dəyişikliklər kommersiya hüquqi şəxslərə icazə verir ki, onlar rəhbərlik və struktur barədə məlumatları da daxil olmaqla öz qeydiyyat informasiyalarını gizli saxlasınlar.

Bu dəyişikliklər informasiya azadlığı üzrə beynəlxalq standartlara ziddir və jurnalistlərin korrupsiya hallarını araşdırmasını və işıqlandırmasını daha çətinləşdirəcək.[3]

 Məsələ dörd- Diffamasiyaya görə məhkəməyə verilmə

 Niderland, Litva və İrlandiya tərəfindən diffamasiya haqqında qanunla bağlı irəli sürülmüş tövsiyə 14-ə gəlincə, diffamasiya[4] və təhqir[5] Cinayət Məcəlləsinə görə hələ də cinayət əməli hesab olunur. Bundan başqa, Azərbaycan prezidentinin şərəf və ləyaqətinin alçaldılması həmçinin cinayət əməli hesab olunur və bu əmələ görə iki ilə qədər həbs cəzası nəzərdə tutulub.[6]

Tənqidçi qəzetlər diffamasiya iddiaları ilə daha çox üzləşirlər və bu məhkəmə işlərinin çoxu dövlət rəsmilərinin şikayətləri əsasında açılır.

Məsələ beş- Azərbaycanda media təzyiq altındadır

Hökumət Kanada və Birləşmiş Krallıq tərəfindən irəli sürülmüş tövsiyə 17-ə əməl etməyərək, “media azadlıqlarını, xüsusilə də yayım mediasına çatımlılığı” genişləndirməyib. Bu tövsiyəyə əməl olunmaması həm də hökumətin media azadlığını təmin etməyə siyasi iradəsinin olmaması anlamına gəlir.

Eyni sözü “Media nümayəndələrinin hüquqlarının pozulması və əsassız həbsi hallarının tam araşdırılmasını təmin etmək” (İrlandiya tərəfindən) və “Yayım mediası barədə müddəaları MSHBP-a uyğunlaşdırmaq, siyasi baxışlarına görə həbs olunmuş şəxsləri azad etmək, qanunsuz və siyasi motivli həbslərin qarşısını almaq üçün tədbirlər görmək və məhkəmə hakimiyyətinin tam müstəqilliyini və şəffaflığını təmin etmək” (Çex Respublikası tərəfindən) tövsiyələri haqqında da demək olar. Bu tövsiyələrə də hökumət tərəfindən məhəl qoyulmamışdır.

Azərbaycanda ölkə ərazisini tam əhatə edən yeddi telekanal fəaliyyət göstərsə də, yayım mediasında siyasi müxtəliflik çox az təmin olunur. Hal-hazırda ifadə azadlıqlarını həyata keçirməkləri ilə bağlı olaraq, yeddi jurnalist siyasi motivli ittihamlarla həbsdə qalmaqdadır.

Ümumilikdə, son illərdə media mühitində durum daha da pisləşmiş, jurnalistlərin həbs olunması halları baş vermiş, jurnalistlər diffamasiya iddiaları ilə məhkəməyə verilmiş və ya digər formada təzyiqlərə məruz qalmışdır. Bütün bunlar media azadlığını məhdudlaşdırmaqla demokratik sistemə xas fikir azadlığı üçün əlverişli olmayan bir mühit yaratmışdır.

Nəticə

Azərbaycan mediası hazırda elə bir şəraitdə fəaliyyət göstərir ki, bu şəraitdə nə rəhbər dövlət məmurlarının xalq qarşısında məsul olmasını, nə də vətəndaşlara keyfiyyətli və müstəqil xəbərin çatdırılmasını təmin etmək mümkün olmur. Media bu cür özünəməxsus funksiyaları yerinə yetirmək iqtidarında olmayanda isə cəmiyyət nə narahatlıqlarını lazımi şəkildə dilə gətirə bilir, nə də ki öz narazılığını dinc, institutsional formada ifadə edə bilir. Bu fundamental hüquq təmin olunmayınca, “daha demokratik Azərbaycan” yalnız xəyal olaraq qalacaq.

Bizim üçün yalnız bir yol qalır- hərəkətə keçmək- öz resurslarımızı, səylərimizi birləşdirərək yeni mərhələyə qədəm qoymaq. Biz BMT-yə üzv dövlətləri ifadə və media azadlıqları ilə  bağlı aşağıdakı tövsiyələri irəli sürməyə çağırırıq:


Jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər formalarına son qoyulsun

  • Jurnalistlərə hücum edən və ya öldürən şəxslər üçün cəzasızlığın bütün formalarına son qoyulsun. Jurnalistlərə qarşı bütün zorakılıq hallarının üstünün açılması və cavabdeh şəxslərin qanuna uyğun olaraq cəzalandırılması təmin edilsin.

Tənqidi səsləri susdurmaq üçün həbsdən istifadə olunması dayandırılsın

  • İfadə azadlığı hüququnu həyata keçirmələri ilə əlaqədar həbs olunmuş jurnalistlər, habelə hal-hazırda dəmir barmaqlıqlar arxasında olan hüquq müdafiəçiləri və fəallar azad edilsin.
  • İfadə azadlığı hüququnu həyata keçirmələri ilə əlaqədar barələrində cinayət işi açılmış jurnalistlər və fəallara qarşı irəli sürülmüş ittihamlar ləğv olunsun.

 Media qanunvericiliyi və siyasəti təkmilləşdirilsin

  • Cinayət Məcəlləsindən diffamasiya müddəaları çıxarılsın.
  • Xarici yayımçılar milli tezliklərdə yayımlanmasını qadağan edən qərar ləğv olunsun.
  • Jurnalistlərin və KİV-lərin fəaliyyətini məhdudlaşdırılmağa hesablanmış son əlavələr informasiya haqqında qanundan çıxarılsın.
  • Sadələşdirilmiş lisenziyalaşdırma proseduru vasitəsilə teleradio tezliklərinin ədalətli və şəffaf bölüşdürülməsini təmin etmək üçün müstəqil yayım tənzimləyici orqan yaradılsın.
  • İctimai yayım xidməti haqqında beynəlxalq standartlara uyğun olaraq, İctimai TV-nin əhalinin bütün sektorları üçün balanslı və müxtəlifliyi təmin edən proqramlar yayımlaması təmin olunsun.

Biz ifadə və media azadlıqlarının Azərbaycanda və bütün regionda təşviqini davam etdirməkdə BMT-yə üzv dövlətlərlə əməkdaşlıq etməyə, bu əməkdaşlığa bütün bacarığımızı, əməyimizi və təcrübəmizi həsr etməyə hazırıq.

Hamınıza təşəkkürümü bildirirəm.

 


[1] 12 iyul 2012-ci il tarixli məlumata görə, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının imzalanma və ratifikasiya statusu –  http://www.unodc.org/unodc/en/treaties/CAC/signatories.html

[2] Ölkə öhdəlikləri: Azərbaycan. http://www.opengovpartnership.org/countries/azerbaijan

[4] Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə, “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma – cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.  Maddə 147.2-yə görə isə, “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

[5] Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

[6] Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə görə, “Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Maddə 323.2-yə görə isə, “Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə- beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Previous Post

Nazirlər Qənimət Zahidə qarşı iddialarını geri götürdülər

Next Post

Əvəz Zeynallı hakimə açıq məktub yazıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.