MAHAL İSMAYILOĞLU BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Dünən (07 iyul) jurnalist Mahal İsmayıloğlu Abşeron Rayon Polis Şöbəsində izahat verib.

Bu məlumatı RATİ-yə saat 20:00 radələrində jurnalistlə birgə polisə gedən vəkil Elçin Sadıqov verib. Vəkilin sözlərinə görə M.İsmayıloğlu iyulun 9-da saat 20:00-da yenidən polisə getməli olacaq və hadisə ilə əlaqədar üzləşdirilmələr keçiriləcək.
RATİ bu gün jurnalistin özüylə əlaqə saxlayaraq məsələ ilə bağlı onun mövqeyini öyrənib.
“İzahat alınarkən mən bir daha bildirdim ki, biz Vahid İmanovun qulluqçusu ilə yalnız sözlə mübahisə etmişik. Mən iyun ayının 20 və 21-i qonşum qulluqçuya zibili mənim qapıma tökməməsini demişəm. Qəribəsi odur ki, şikayət ərizəsində yalnız ayın 21-i qeyd olunub. Halbuki 20 iyun tarixində mən daha sərt danışmışdım. Hadisənin yeganə şahidi olan, yaxınlıqda yaşayan qonşum Vahid İsayevdən isə ifadə alınmadığı təqdirdə, hadisəni görməyən digər qonşulardan mənim əleyhimə ifadələr alınıb. Bu işin sifariş olduğu açıq-aydın görünür.”
İsmayıloğlu ona qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işinin açıldığını vurğuladı.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də bölməyə çağrılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub.
Qeyd edək ki, Mahal İsmayıloğlu uzun illər rəsmi dövlət qəzeti – Prezidentin İcra Aparatının orqanı  olan "Xalq qəzeti"ndə baş redaktor vəzifəsində çalışıb. 2002-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Hal-hazırda "Yeni Müsavat" qəzetində köşə yazıları ilə çıxış edir. 
*Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırlır.

Previous Post

VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

RATİ-NİN NAXÇIVAN BÖLGƏ MÜXBİRİNƏ KƏNDDƏN ÇIXMAĞA İCAZƏ VERMİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.